Azər Aydəmirdən Vəkillər Kollegiyasına CAVAB: “Qeyri-peşəkarlığın göstəricisidir”

Azər Aydəmirdən Vəkillər Kollegiyasına CAVAB: “Qeyri-peşəkarlığın göstəricisidir”

Hazırda oxunan: Azər Aydəmirdən Vəkillər Kollegiyasına CAVAB: “Qeyri-peşəkarlığın göstəricisidir”

235137

Vəkillər Kollegiyası İTV-də nümayiş olunan “Əqrəb mövsümü (iki dünya bir olsa) serialı ilə bağlı etiraz bəyanatı yayıb. 

Qurumun mətbuat xidmətindən bildirilib ki, serrialın iki bölümündə vəkillik peşəsi ilə bağlı kəskin, xoşagəlməz ifadələr işlədilib: 

“Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir.

Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik”.

Kollegia iddia edir ki, “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir: ““Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək”.

Məsələ ilə bağlı filmin ssenaristi, tanınmış sənətçi Azər Aydəmir Bizim.Media-ya açıqlama verib. 

O, bildirib ki, hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür: 

“Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir. Hörmətli vəkillərimizin “Əqrəb mövsümü 2 dünya 1 olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. 

Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur. Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. 

Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq. Bu bir təkamül prosesidir. Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən BİRmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. 

Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa, siz məndən çox bilirsiniz axı. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz. 

Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir.

İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir kino adında ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır. Kinodur yəni... Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”

Rəna Cumaqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO