Ağdam Muğam Mərkəzində “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı mərasimi baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Rahib Məmmədovun ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın Kulevi terminalının maliyyə dəstəyi ilə çəkilmiş və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadə olan “19 yaşlı xilaskar" sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib. Sonra Rahib Məmmədovun qardaşı çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölümlə üz-üzə qalmış insanları xilas edərkən böyük hünər və rəşadət göstərmiş 19 yaşlı Rahib Məmmədov 28 nəfər sakini seldən xilas edib və qəhrəmancasına həlak olub. O, göstərdiyi xüsusi fədakarlığa görə ölümündən sonra SSR-nın "Qızıl Ulduz" ordeni ilə təltif olunub.
Elgün, Bizim.Media