"Azərbaycanfilm" Kinostudiyasından Cəfər Cabbarlının adı niyə götürülüb? – FOTOFAKT

"Azərbaycanfilm" Kinostudiyasından Cəfər Cabbarlının adı niyə götürülüb? – FOTOFAKT

Hazırda oxunan: "Azərbaycanfilm" Kinostudiyasından Cəfər Cabbarlının adı niyə götürülüb? – FOTOFAKT

216694

“"Azərbaycanfilm" Kinostudiyasından Cəfər Cabbarlının adı götürülüb. Yeni loqolarında, İnstaqram səhifələrində dramaturqun adını yazmırlar”.

Bu fikirləri Bizim.Media-ya Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı deyib.

Cəfər Cabbarlı Kinostudiyada can qoyub...

O bildirib ki, bu barədə iradılarını kinostudiyanın əməkdaşlarına da bildirib:

“Ötən il Kinostudiyaya zəng etdim. Soruşdum ki, Cəfər Cabbarlının adının rəsmən götürülməsi haqda qərar var? Dedilər, yox. Dedim, bəs niyə onda sizin loqolarda Cəfər Cabbarlının adı yoxdur? Mənə bir cavab verə bilmədilər. İradıma rəğmən, heç nə dəyişmədi.

Hətta onlara dedim ki, bu adı ora Cabbarlı özü  verməyib ki, kim istəməsə, çıxarsın. Onun Azərbaycan kinosundakı xidmətlərinin mükafatı olaraq bu ad verilib. Cəfər Cabbarrlı orda can qoyub”.

“Cəfər Cabbarlı Azərbaycanın başını aşağı edib?!”

 Muzey rəhbəri Cəfər Cabbarlının kinoda böyük xidmətlərinin olduğunu vurğulayıb:

“Cəfər Cabbarlı ilk milli kinossenarist olub. Bu barədə çox dəyərli məqalələri var. Kinostudiyaya milli kadrları toplamaq üçün çox zəhmət çəkib. Kinomuzu milliləşdirib, inkişafına təkan verib. O vaxt Cabbarlı kinostudiyaya gedəndə  kinomuz yeni-yeni formalaşırdı.
 

Cabbarlı Axundovun ölümünün 55 illiyinə  onun “Hacı Qara” pyesinin motivləri əsasında ssenari yazmışdı. Bu da ilk milli ssenari oldu. Ondan sonra “Sevil”i, “Almaz”ı yazdı. O vaxt Sevil obrazına bir erməni qadını çəkmək istəyirmişlər. Cabbarlının təkidi ilə bu rola azərbaycanlı aktrisa dəvət ediblər.


Hətta Cabbarlı o zaman gedib İzzət Orucovanın atası ilə danışıb qızının filmə çəkilməsinə onu razı salmışdı. Yəni deməyim odur, Cabbarlının Azərbaycan kinosu ilə bağlı bu qədər böyük xidmətləri olub. Ona niyə belə münasibət bəsləyirlər, anlamıram”.

Qəmər Seyfəddinqızı onu da deyib ki, bənzər hallar 90-cı illərdə də olub:

"Sonra ora Müşfiq Hətəmov gəldi. Sağ olsun, o məsələni həll etdi. Yenə hər yerdə "Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası" sözləri yazılmağa başladı. İndi nə baş verir, yenə anlamıram. Amma mənə dedilər ki, orda bir-iki nəfər var, bu, onların təşəbbüsüdür.

Onlar istəmirlər. Mən də dedim ki, bəyəm onların istəməyilədir?! Niyə onun adını yazmırlar

Cabbarlı bəyəm bolşevik olub, yoxsa Azərbaycanın başını aşağı eləyib?!

Bu adam 19 yaşında parlamentdə katib kimi çalışıb. Gizli Müsavat Partiyasının baş katibi olub. Bolşeviklərə qarşı mübarizə aparıb. Sizin bu adamın adını götürməkdə məqsədniz nədir? Yaraşdırmadınız Cabbarlının adını?!”

Qəmər Seyfəddinqızının səsləndirdiyi fikirlərlə bağlı Cəfər Cabbarrlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə əlaqə saxladıq.

Kinostudiyanın direktor əvəzi Azər Quliyevin Bakıda olmadığı bildirildi.

Qurumun istehsalat müdiri Məmməd Ağabəyov isə sualımıza qısa cavab verdi:

“Cəfər Cabbarlının adının götürülməsi haqda deyilənlər doğru deyil”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO