"Azərbaycanfilm” rəhbərliyində kütləvi istefanın səbəbi NƏDİR? – Kinostudiyadan AÇIQLAMA 

Hazırda oxunan: "Azərbaycanfilm” rəhbərliyində kütləvi istefanın səbəbi NƏDİR? – Kinostudiyadan AÇIQLAMA 

196783

Ötən ilin payızında ixtisarlarla, bağlanma təhlükəsi ilə müzakirə mövzusuna çevrilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından indi də istefa xəbərləri gəlib. Belə ki, kinostudiyanın direktoru Nazim Hüseynov, aparat rəhbəri Aydın Hüseynov və direktor müavini, prodüser Emil Nəcəfov işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər.

İstefaların səbəbləri haqda Bizim.Media-ya açıqlama verən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov bunu kinostudiyanın fəaliyyətsizliyi ilə əlaqələndirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanfilm” kinostudiyasının direktoru və müavini istefa verdi


“Konkret səbəb yoxdur, yəni hansısa problemin varlığına görə istefa etmirlər. Demək olar ki, bunun səbəbi fəaliyyətsizlikdir. İndi kinostudiyada istehsal yoxdur, ona görə də hərə öz işi ilə məşğul olmalıdır. Buradan çıxıb kənarda filmlərini çəkə biləcəklər. İşdən ayrılanlar prodüserlərdir. Onlar burada film çəkə bilmirlərsə, kənarda işlərini görməyə çalışacaqlar. Öz istəkləri ilə çıxıblar və buna özləri qərar veriblər”.

O, “Azərbaycan Respublikasının Kino Agentliyi”nin müsabiqəsinin nəticələrinin bəlli olduğunu, amma hələlik müsabiqədə qalib gələn filmlərin istehsalına başlanılmadığını bildirib:

“Müsabiqə elan olunub və müsabiqəyə özəl şirkətlər qatılıb. “Azərbaycanfilm” kinostudiyası müsabiqəyə qatılmayıb. Sadəcə olaraq, biz digər filmlərin çəkilməsinə xidmət göstərə bilərik. Müsabiqə nəticəsində qalib olan filmlərin hələ istehsalına başlamayıblar deyə fəaliyyət yoxdur. Gərək onlar istehsala başlasınlar ki, gəlsinlər buradan avadanlıq və s. götürsünlər. Hələki müstəqil çəkilən filmlərlə bağlı bir xəbər yoxdur.

Hansı filmlərin qalib olduğu və hansı filmlərə pul ayrıldığı məlumdur. Pul köçürülən bir animasiya filmi -“Kapitan və Xəzər dənizi”, 15-ə yaxın peşəkar, 12 -ə yaxın tələbə filmi var. Qalib filmlər özləri istehsala başlamadıqları üçün gedib başqa prodakşnla anlaşdıqlarını, işlədiklərini deyə bilmərik. Yəni elə bir şey yoxdur, istehsala başlamayıblar deyə bizə də müraciət olunmayıb”.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib.

Müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunub.

Müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunub.

Dövlət sifarişi ilə istehsal olunacaq film layihələri üçün 2 000 000 manat nəzərdə tutulub. Kommersiya filmləri layihələri üçün 1 250 000 manat, müəllif filmləri layihələri üçün 1 250 000 manat ayrılacaq. Debüt və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 000 000 manat nəzərdə tutulub.

Xatırladaq ki, 1923-cü ildə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) adı ilə yaranan kinostudiya 1958-ci ildən “Azərbaycanfilm” adlanır. 1960-cı ildən etibarən kinostudiya dahi ədibimiz Cəfər Cabbarlının adını daşıyır. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO