Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının altıncı günüdür. Bizim.Media-nın masasında Bənövşə Daşdılının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, müəllifin 8 kitabı çap olunub.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı Rəfiqə Qasımqızının uşaqlar üçün yazdığı kitablar FESTİVALDA – FOTO
Bənövşə Daşdılının açıqlamasına görə, hazırda bir kitabı çapa hazırlanır. Əslən Laçın rayonundan olan şairə torpaqlar işğal altında olanda daha çox nisgilli, həsrət dolu şeirlər yazdığını bildirib. Azərbaycanın qələbəsindən sonra şeirlərinin mövzusunu sevinc, qürur mövzusu əvəzləyib.
O, məhəbbət mövzusuna da yer verdiyini deyib.
"Əvvəllər, cavan vaxtımda məhəbbət mövzusunda yazmağa utanırdım. İndi utanmaqdan keçib deyə hazirda o mövzuda da yazıram".
Şairə 2007-ci ildən Yazıçılar Birliyinin üzvüdür.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media