Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-ci gününə start verilib.
Festival bu gün Türkiyə Cümhuriyyətinə həsr olunub.
Bizim.Media xəbər verir ki, festivalın bu günü Türkiyə Cümhuriyyətinin Dövlət Himni – “İstiqlal marşı” ilə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Gülyaz Məmmədova Kitab Festivalında çıxış etdi – FOTO/VİDEO
Tədbirin aparıcısı Türkiyə poeziyasından, türk şair və yazıçıların həyat və yaradıcılığından danışıb, onların əsərlərindən parçalar səsləndirib.
Daha sonra söz Yunus Əmrə tədqiqatçısı Xuraman Hümmətovaya verilib. Tədqiqatçı Anadoluda türkcə şeirin banilərindən biri Yunus Əmrə yaradıcılığı haqqında geniş çıxış edib.
Bundan sonra "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") kimi tanınan Nəcib Fazil Qısakürəkdən söz açılıb. Bildirilib ki, məşhur "Sakarya türküsü"nün müəllifinin "Bir Adam Yaratmaq" əsəri türk dramaturgiyasının əsasını təşkil edir.
Tədbir Məhəmməd Füzuli yaradıcılığı haqqında çıxışlarla davam edib. Füzulişünaslar şairin yaradıcılığından danışıb, onun haqqında işlədilən təşbeh və epitetləri sadalayıblar. Bildirilib ki, onu daha çox "dərd şairi", "intizar şairi", "könüllar sultanı", "nuri-irfan" və s. kimi xarakterizə edirlər.
Qeyd edək ki, bu il yanvar ayında Prezident İlham Əliyev Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media