Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə paytaxt Rabatda yerləşən Audiovizual və kino peşəsi üzrə Ali İnstitutda mayın 16-da mərakeşli jurnalist və rejissor Şuayib Brhaddanın müəllifi olduğu “Azərbaycan-Qafqazın mirvarisi” adlı sənədli filmin təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2024-cü ilin fevralında Azərbaycanda olmuş mərakeşli jurnalistlər qrupunun səfərinə həsr edilib.
Filmdə müəllif Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, habelə siyasi və iqtisadi əlaqələrinə geniş yer verib. Eyni zamanda, səfər müddətində Şuşaya baş çəkmiş filmin müəllifi ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan işlərdən danışıb, habelə fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərinə toxunub.
Filmin təqdimatında çıxış edən Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Azərbaycanla Mərakeş arasında son dövrlərdə əlaqələrin inkişafı dinamikasına toxunub, siyasi və iqtisadi münasibətlərlə yanaşı, humanitar əlaqələrin də genişləndirilməsinə xüsusi önəm verildiyini bildirib. Fevral ayında mərakeşli jurnalistlərin Azərbaycana səfəri və bu çərçivədə keçirilmiş görüşlərin humanitar sahədə təmasların möhkəmləndirilməsinə xidmət etdiyini bildirən səfir, jurnalist Şuayib Brhaddanın filminin Azərbaycan haqqında Mərakeş ictimaiyyətində daha geniş məlumatın formalaşdırılmasına töhfə verəcəyini əlavə edib.
Filmin nümayişindən sonra müəllif Şuayib Brhadda ilə yanaşı, səfərdə iştirak etmiş digər jurnalistlər - Mərakeş Qəzet Redaktorları Federasiyasının prezidenti Mahtat Rakkas və Mərakeşin rəsmi informasiya agentliyi olan “Maghreb Arab Press”in (MAP) jurnalisti Mohammed Asvab səfərlə bağlı təəssüratlarını bölüşüb, ölkəmizin zəngin tarixi və mədəniyyətindən danışıblar, habelə xalqlarımız arasında oxşar cəhətlərin mövcudluğunu xüsusi qeyd ediblər.
Tədbirdə, həmçinin Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaş, eləcə də onun dəvəti ilə Mərakeşdə səfərdə olan Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da daxil olduğu nümayəndə heyəti iştirak edib.
Təqdimata, həmçinin Mərakeş media təmsilçiləri, ictimaiyyət nümayəndələri və Audiovizual və kino peşəsi üzrə Ali İnstitutun tələbələri qatılıblar.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:56 / 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib – FOTO
Hazırda oxunan: Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib – FOTO
Hazırda oxunan: Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib – FOTO
192732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.