Problem qadın paltarı geyinən aktyorlardadır, yoxsa onlara gülən TAMAŞAÇIDA? – MARAQLI AÇIQLAMALAR

Problem qadın paltarı geyinən aktyorlardadır, yoxsa onlara gülən TAMAŞAÇIDA? – MARAQLI AÇIQLAMALAR

Hazırda oxunan: Problem qadın paltarı geyinən aktyorlardadır, yoxsa onlara gülən TAMAŞAÇIDA? – MARAQLI AÇIQLAMALAR

186260

Bu gün çəkilən bir çox komediya proqramlarının qeyri-peşəkarlığı xalqın incəsənət zövqünü korlayır. Belə ki, bu kimi verilişlərdə aktyorlar tamaşaçını ya ancaq qadın paltarı geyinərək, bölgələrimizin ləhçələri ilə güldürməyə çalışır, ya da qeyri-etik ifadələrdən istifadə etməklə bayağı davranışlarla komedik səhnəciklər nümayiş etdirməyə çalışırlar. Səhnə dilinin bütünlüklə məişət üslubunda olması da müasir “yumor”umuzun diqqət çəkən problemli məqamlarındandır.

Maraqlısı isə odur ki, böyük əksəriyyət bu qeyri-peşəkarları izləmək üçün sıraya düzülürlər.

Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycan xalqının yumor anlayışı dəyişib?
 

MÖVZU İLƏ BAĞLI:

Çingiz Əhmədov: “Uşaqlarıma məktəbdə deyirdilər ki, ataları “arvad paltarı”nda səhnəyə çıxır” – VİDEO


Tanınmış kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov Bizim.Media-ya bildirib ki, bu cür verilişlərin yayılmasının səbəbkarı cəmiyyətdir:

“Əgər xalqımız dəbdəbəli geyimdə, son model maşında gedib bu cür hır-hırı verilişlərə uğunub gedirlərsə, o aktyorlar əcəb edib belə verilişdə oynayırlar. Yəni, nə tökürsənsə aşına, o da çıxır qaşığına... Hər bir halda günah ictimaiyyətdədir ki, əttökən, eybəcər, əxlaqsız, mənəviyyatsızlara baxırlar. Mən hələ borca toy edib 10 min manata toyuna əxlaqsız müğənniləri çağıranları demirəm. 

Mədəniyyət və İncəsənət adlandırılan bir universitetimiz var, orada ancaq əttökən komediyaçıları istehsal edirlər. Normal kadr yoxdur. Kütlə nə yeyirsə, onu verirlər. Görürlər ki, millət gəlib hırıltıya qulaq asır, aktyorlar neyləsinlər? Aktyorlar əslində zəmanələrinin güzgüləridir”. 

Əbdül Mahmudov qeyd edib ki, cəmiyyətin mənəviyyatını, ictimai şüuru təzədən qurmaq, formalaşdırmaq lazımdır, güzgünü sındırmağa ehtiyac yoxdur:

“Bizim tarixən Mirzəağa Əliyev, Məmmədəli Vəlixanlı, İsmayıl Osmanlı kimi komedioloqlarımız, nəhəng bir məktəbimiz olub. Bu gün kimsə özünə döş qoyub arvad obrazına girəndə, orasını-burasını oynadanda, dilimizi, sənətimizi təhrif edəndə, əndrəbadi, gülünc görünüş alanda xalq kütləvi şəkildə zalı tərk etsə, onda onlar bu qələti etməzlər. Hər şey xalqdan asılıdır”. 

Xalq artisti, aktyor və teatr rejissoru İlham Namiq Kamal isə sözügedən verilişləri izləmədiyini bildirib: 

“Mən daha çox Azərbaycan Televiziyası, Mədəniyyət TV, İctimai TV-də oluram. Orada isə bu kimi layihələr çəkilmir. Başqa verilişlərə getmədiyim üçün ətraflı məlumat verə bilmirəm. Yəni mən baxmıram və görmürəm. Çalışıram ki, normal layihələrə, verilişlərə gedim”. 

Əməkdar artist, komediya aktyoru Tahir İmanov isə məsələ barədə ümumi anlayışı olsa da, münasibət bildirmək istəmədiyini bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO