İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında aparılan təmir-bərpa işləri hələ də yekunlaşmayıb. Hansı ki, bu işlərə 5 il öncə başlanıb.
Qeyd edək ki, 2019-cu ildə ölkə başçısı Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, teatra bu məqsədlə 2 milyon manat vəsait ayrılıb.
Əsaslı şəkildə təmir olunan bina isə 2020-ci ilin dekabrın 25-də təhvil verilməli idi. Binanın təmirə başlamasından 5 il keçməsinə baxmayaraq, teatr hələ də təhvil verilməyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın məhv etdiyi 500 illik tarix - VİDEO
Məsələ ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevlə əlaqə yaratdıq. Teatr rəhbərinin sözlərinə görə onlar da təmir işlərinin bitməsini gözləyirlər:
“İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının təmiri bitmədiyinə görə, biz hələ ora köçməmişik. Yekunlaşmamış təmir işləri qalıb, onları gözləyirik. İşlərin bitmə tarixi ilə bağlı bizə heç nə deyilməyib. Əslində təmirə 2019-cu ildən başlanılıb və deyilmişdi ki, bir ilə yekunlaşacaq. Amma 2009-2019-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuşdu ki, teatr 2023-cü ilin sonuna kimi təhvil verilməlidir. Hələ ki, texniki işlərə görə təmir yekunlaşmayıb”.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova isə saytımıza “məsələ araşdırılır” açıqlamasını verməklə kifayətlənib.
Məlumat üçün bildirək ki, teatr 1882-ci ildən etibarən fəaliyyətə başlayıb və azərbaycanlıların tarixən köklü yaşadığı elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınır. İrəvan Teatrı dəfələrlə erməni vandalizminə məruz qalıb.
Məhz Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu alıb, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşıyıb.
Azərbaycanlılar Ermənistandan deportasiya olunandan sonra, yəni 1948-1953-cü illərdə teatr fəaliyyətini yalnız 1967-ci ildə bərpa edib, daha sonra 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşüb, qaçqın həyatı yaşamalı olub.
Teatr 1989-cu ildən Bakı şəhərində fəaliyyət göstərir. Uzun müddət İrəvan Dövlət Dram Teatrının əsas problemi binasının təmirsiz vəziyyətdə qalması olub.
Nuranə Daxilqızı, Bizim.Media