100 yaşlı “Azərbaycanfilm”in işçiləri ixtisar OLUNUR – Kinostudiya BAĞLANIR? – Rəsmi AÇIQLAMA

100 yaşlı “Azərbaycanfilm”in işçiləri ixtisar OLUNUR – Kinostudiya BAĞLANIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 100 yaşlı “Azərbaycanfilm”in işçiləri ixtisar OLUNUR – Kinostudiya BAĞLANIR? – Rəsmi AÇIQLAMA

161112

Yüz yaşlı “Azərbaycanfilm” kinostudiyasının bağlanacağı haqqında iddialar var. Belə ki, sosial şəbəkədə kinostudiyanın işçilərini ixtisar etdiyi, könüllü olaraq məzuniyyətə göndərdiyi haqqında məlumatlar paylaşılıb. Məlumatda ixtisarların yaxın zamanda kinostudiyanın bağlanmasına gətirib çıxaracağı istisna edilməyib. 

İddialarla bağlı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov Bizim.Media-ya açıqlamasında kinostudiyanın gələcək taleyi haqda veriləcək qərarı gözlədiklərini deyib.

O, ötən il prezidentin fərmanına əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində yaradılan “Azərbaycan Respublikasının Kino Agentliyi”nin müsabiqəsinin nəticələrindən asılı olduqlarını bildirib:

“Hazırda Kino Agentliyinin qurulma mərhələsi gedir deyə biz də “Azərbaycanfilm” kinostudiyasının gələcəyinin necə olacağını gözləyirik. Yəni hələ heç nə tam bəlli deyil. Nazirin də dediyi bir söz var ki, kinostudiya film çəkməməlidir, dövlət tərəfindən film çəkilməməlidir.

Amma bu son qərar deyil. Hətta agentliyin keçirdiyi müsabiqələrə ancaq özəl studiyalar qəbul olundu. Əslində, bu il 100-cü ilimiz tamam olur. Gözləyirik ki, bununla bağlı bəlkə nəsə təmtəraqlı yubiley keçirmək də mümkün olsun. Biz öz işlərimizi görürük, yəni arxiv filmlərimizin yenilənib, bərpa olunması ilə bağlı məlumatları, onların sosial şəbəkələrdə təbliğat işini aparırıq.

İstehsal işi hələki axsayır, ümumiyyətlə, ölkədə kino istehsalı axsayıb. Özəl studiyalarda da çəkiliş minimum dərəcədədir. Müsabiqənin nəticələrini gözləyirik, ola bilsin ki, özəl studiyalar bizimlə işləsin, biz onlara, avadanlıq, geyim, çəkiliş xidmətləri təklif etdik. Ancaq o şəkildə işləyə bilərik. Hazırda kinostudiya haqqında heç bir qərar yoxdur”.

Ramil Ələkbərov ixtisarların olduğu faktını təsdiqləyib. Onun sözlərinə görə, bu, maliyyə böhranı ilə əlaqədardır:

“İşçilərin məzuniyyətə göndərilməsi o şəkildə deyil. Tutaq ki, mənim də istifadə etmədiyim məzuniyyət günlərim var və istifadə edəcəyəm. Bu, bütün şirkətlərdə olan daxili proseslərdir.

Təbii ki, az sayda ixtisar var. O da onunla bağlıdır ki, “Azərbaycanfilm” kinostudiyasının büdcəsi yoxdur, dövlət tərəfindən büdcə verilmir. Dövlət Film Fondunda büdcədən ödənilən əmək haqqı fondu var, bizdə əmək haqqı fondu da büdcədən ödənilmir. İndiyə qədər istehsal olunan filmlərin büdcəsində göstərilən studiya xərcləri vasitəsilə normal ştat maaşları təmin olunurdu. Hazırda istehsal dayandığı üçün maliyyə problemi yaşanır. Ona görə də minimum şəkildə idarə etməyə çalışırıq. İxtisar olunanların sayını dəqiq bilmirəm, 1-2 nəfər ixtisar olunub, kütləvi deyil”.

O, hazırda 60-a yaxın işçinin olduğunu əlavə edib:

“Hazırda işçi sayı 60 civarındadır. Sovet vaxtı 2000-ə yaxın əməkdaş olub. İndi bizdə yaradıcı ştat, yəni reissor, ssenarist ştatı yoxdur. Ancaq aparat üzrə texniki ştatlar mövcuddur. Əvvəllər istehsal kütləvi şəkildə idi deyə heç bir rejissor işsiz qalmırdı. İndi film istehsal olunduqda yaradıcı şəxslər xidməti müqavilə ilə dəvət olunurlar. Film çəkildikdən sonra müqaviləyə xitam verilir”.

Xatırladaq ki, 1923-cü ildə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) adı ilə yaranan qurum 1958-ci ildən “Azərbaycanfilm” adlanır. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır. 

Günel, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO