Azərbaycanlı sənətkarların yaratdıqları xalça, tikmə, zərgərlik, keramika, metalişləmə, ağacoyma, daşoyma, geyim və s. nümunələri xalqın zəngin mənəvi dünyasının və bədii zövqünün ifadəsi olmaqla birlikdə böyük qürur qaynağına çevrilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çox vaxt heç adlarını da bilmədiyimiz azərbaycanlı ustalar el sənətini el şöhrətinə çevirə bilib.
Bu ənənəni qoruyan və yaşadan, bizim zəmanəyə qədər çatdıran sənətkarlar nəslindən biri də şəkili Rəsulovlardır. Usta Əşrəfdən başlayan bu şərəfli yolu indi onun nəvəsi, gənc şəbəkə ustası Vüqar Rəsulov uğurla davam etdirir.
Babaların şərəfli yolu
XVIII əsrdə inşa olunan və bu günə kimi də əlçatmaz memarlıq və sənətkarlıq möcüzəsi sayılan Şəki Xan sarayının şəbəkələrinə XX əsrdə yeni həyat verən Əşrəf Rəsulovun ailəsində dünyaya göz açan Vüqar Rəsulov elə duya bildiyi ilk gözəllik qaynağı babası və atasının hazırladığı nümunələr olub desək, yanılmarıq. Ata emalatxanasında aldığı sənət dərslərinin nəticəsiz qalmadığı artıq göz qabağındadır.
Şəbəkə sənətinin bütün incəliyi bu ailənin hər bir fərdinin, eləcə də Vüqarın qanına hopub.
Gənc şəbəkə ustası Vüqar Rəsulovla elə iş başında söhbətləşirik:
“Artıq dördüncü nəsil şəbəkə ustası olaraq fəaliyyət göstərirəm. Bildiyimiz kimi bu sənət qədim sənət növüdür. Atam, babam bu işlə məşğul olub. Şəbəkə sənətinin özəlliyi bundan ibarətdir ki, burada heç bir kley, mismar işlənmədən taxta parçalarıdan yığılır. Xan sarayının bərpasında iştirakımız olub. Atamın da, mən də uşaq olarkən orda iştirak etmişdim”.
Şəbəkənin tək ünvanı - Şəki
Şəbəkə sənətkarlığının yalnız respublikamızda deyil, dünyada tək ünvanı Şəki və onun sənətkarlarının olması Rəsulovların üzərinə böyük məsuliyyət qoyur. Gənc şəbəkə ustası Vüqar da bu məsuliyyəti başa düşür və hər zaman üzərində işləyir, yeniliklər etməklə etimadı doğrultmağa çalışır. Elə son əl işində olduğu kimi.
Bu barədə Vüqarın özü ətraflı məlumat verib:
Əsərdə şəbəkə nümunələrindən istifadə olunub. Və milli ornament olan butalardan istifadə edilib. Butaların üzərində milli naxışlar və qədim abidələrin rəsmləri təsvir edilir. Ulu öndərin şəkli Şəki ipəyi üzərində hazırlanıb".
Yeni emalatxana yeni layihələr deməkdir.
Söhbət əsnasında məlum olur ki, hazırda onların emalatxanasında Dövlət Turizm agentliyinin xəttilə əsaslı-təmir-bərpa işləri aparılır. Gənc şəbəkə ustası deyir ki, bir neçə aydır emalatxanaları Dövlət Turizm Agentliyi tərəfindən təmirə dayandırılıb. Bu səbəbdən müvəqqəti olaraq həyətyanı sahədə öz əl işlərini yerli və xarici turistlərə təqdim edən həmsöhbətim bildirir ki, təmir başa çatandan sonra bura şəbəkə muzeyi kimi fəaliyyət göstərəcək. Eyni zamanda əl işləri də yeni emalatxanada nümayiş etdiriləcək.
Qeyd edək ki, Rəsulovlar ailəsinin şəbəkə sənəti ilə bağlı hazırladıqları əl işləri ölkə və dünya miqyaslı sərgi və festivallarda dəfələrlə nümayiş etdirilib. Həmçinin Bakıda təşkil edilən Şahmat üzrə Dünya çempionatının, Avropa Birinciliklərinin simvolları da bu ailə üzvləri tərəfindən hazırlanaraq təqdim edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
08:30 / 21.10.2023
Şəkidə şəbəkəni yaşadan DÖRDÜNCÜ NƏSİL - Əsrarəngiz sənətin son nümayəndəsi - REPORTAJ/FOTO
Hazırda oxunan: Şəkidə şəbəkəni yaşadan DÖRDÜNCÜ NƏSİL - Əsrarəngiz sənətin son nümayəndəsi - REPORTAJ/FOTO
Hazırda oxunan: Şəkidə şəbəkəni yaşadan DÖRDÜNCÜ NƏSİL - Əsrarəngiz sənətin son nümayəndəsi - REPORTAJ/FOTO
160815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.