"Qənirə xanım Vətən üçün özünü ölümə sürükləyən bir insan idi. Vətən bu cür bir xanımı itirdi. Bu insan üçün Vətəndən başqa hər şey yalan idi. Yalnız Vətəni düşünürdü. Vətən üçün ölümün caynağına belə getməyə hazır və gedən insan idi".
Bu sözləri Əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayeva ilə vida mərasimində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
MÖVZU İLƏ BAĞLI:
Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL
Sənətçi Q.Paşayeva ilə xatirələrini bölüşüb. Bir çox xarici səfərlərdə millət vəkili ilə birlikdə gedən sənətçi onun yemək yemədiyini və özünü daha çox işə köklədiyini vurğulayıb:
"Qənirə xanımla çox tədbirlərdə olmuşuq. Onun istəyi ilə çox ölkələrə getmişəm. Orada hər çıxışlarında Vətəni necə sevdiyini və Vətənə bağlı olduğunu görmüşəm. Bu insan çörək yemirdi. Konsertdən sonra ona söyləyirdim ki, gəl, gedək bir stəkan çay içək. Cavab verirdi ki, tapşırmışam bacı, sizə qulluq edəcəklər. Burada bir-iki işim var, onları həll edim, yanınıza dönəcəyəm. Gedib görürdüm ki, bu insan Azərbaycan həqiqətlərini xarici vətəndaşlara çatdırır. Bu, yaxşıdır, amma özünü bu qədər və bu dərəcədə etmək olmazdı. Axı sənə Vətənin ehtiyacı var. İndi mən necə çağırım ki, onu eşitsin, qalxsın ayağa (ağlayır). Deyirdi ki, uşaq sahibi olmasam da, bütün azərbaycanlı gənclər mənim övladımdır".
Müğənni deputatın heç bir xəstəliyinin olmadığını bildirib:
"Qənirə xanımın heç bir xəstəliyi yox idi. Səhhətindən ümumiyyətlə danışmağı sevmirdi. Hələ onun kiminsə qeybətini qıran görmədim. O insan heç zaman heç kimin sözünü danışmazdı. Yaxşısını danışırdı, pisi yox".
Haşımova Q.Paşayevanın dünyasını dəyişdiyinə hələ də inanmadığını söyləyib:
"Oktyabrın 20-si üçün tədbir etməli idim. Amma öncə o özü mənə yazdı və başqa bir tədbirə dəvət etdi. Əlavə öz tədbirimə onu çağırdım. Ona dəvətnamələri çatdırmalı idim. Yazdım ki, bəs dəvətnamalər gəlib, sənə göndərmək istəyirəm. Həmin gün mənə tələbəm Nicat söylədi ki, Qənirə xanım xəstəxanaya yerləşdirilib. Dərsi də yarımçıq qoyub, Mərkəzi Klinikaya qaçdıq. Orada da bizə onun vəziyyətinin olduqca ağır olduğunu bildirdilər. Əminlik var idi ki, Qənirə düzələcək. Axı gənc idi, nə yaşı var idi ki... Amma nə biləydik ki, biz onu belə tez itirəcəyik."
Əməkdar artisti bildirib ki, millət vəkili davamlı olaraq zamanının çox az, işlərinin isə çox olduğunu söyləyib:
"Qənirə xanıma söyləyirdim ki, bu qədər işləyirsən, özünü çox yorursan. Biraz dincəl sonra yenə işləyərsən. Cavab verirdi ki, zamanım yoxdur. Deyirdim ki, necə, yəni vaxtın yoxdur. Söyləyirdi ki, dincəlməyə hələ vaxtımız çox olacaq. Amma indi işlərimi görməliyəm. Sən demə, Qənirə xanım düz deyirmiş, mən bilməmişəm. Onun vaxtı yox imiş... Millətin başı sağolsun. Çox qeyrətli bir qızını itirdik. Belə qızlar dünyaya çox gəlmir. Düşünürəm ki, onun həyat ideyasından və ruhundan davamçıları doğulacaq. Hələ çox Qənirələr doğulacaq (ağlayır)".
Rəşad Əliyev, Bizim.Media