Vətən Müharibəsi iştirakçısı: Musiqili Komediya teatrında çalışmaq istəyirəm - FOTO

Vətən Müharibəsi iştirakçısı: Musiqili Komediya teatrında çalışmaq istəyirəm - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi iştirakçısı: Musiqili Komediya teatrında çalışmaq istəyirəm - FOTO

136492

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun tarixə düşən qələbəsi ilə başa çatıb. O dönəmin əsas qəhrəmanları olan şəhidlər, müharibə iştirakçıları isə adlarını əbədi olaraq Azərbaycan tarixinin qızıl səhifələrinə yazıblar.

Bizim.Media xəbər verir ki, sfera.az-ın əməkdaşı həmin qəhrəmanlardan biri olan Qoşqar Rəşidovla həmsöhbət olub. O, müharibə dövrü ilə bağlı xatirələrini bölüşüb.

Açıklama yok.

Müsahibəni təqdim edirik:

Qısa arayış: Qoşqar Rəşidov 1984-cü ildə Göyçay rayonun Çərəkə kəndində anadan olub. 1991-ci ildə həmin kənddə məktəbə gedib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili kino və teatr aktyorluğu ixtisasına qəbul olub. Ailəlidir, bir övladı var.

“Birdən-birə toydan çıxıb müharibəyə düşmüşdüm...”

Açıklama yok.

- Qoşqar bəy, necə oldu döyüşə yollandınız? Mümkünsə, bu barədə danışın.

- Azərbaycanın bütün qəhrəman oğulları kimi mənim də qəlbimdə Vətən sevgisi həmişə olub. O dönəmdə özüm Hərbi Komissarlığa yaxınlaşdım ki, mən ehtiyatda olan zabitəm. Düşünürdüm ki, onların mənə ehtiyacı ola bilər, çünki mən təlim-tərbiyə işləri üzrə mütəxəssis olmuşam. Müharibə başlayanda insanları növbə ilə çağırırdılar, lakin çox narahat idim ki, birdən məni döyüşə çağırmazlar. 27 sentyabrın axşamı zəng gəldi ki, sabah üçün hərbi komissarlığa gedim. Həmin günü səhər 6-da sevinə-sevinə komissarlığa getdim. İlk olaraq Goranboyda N saylı hərbi hissəyə gəldik, daha sonra məni hissələrin birinə komandir təyin etdilər. 15 il idi ki, ordudan tərxis olunmuşdum, buna görə ilk başlarda bir az çətinlik olurdu. Həmin dönəmdə toylarda aparıcılıq edirdim, birdən-birə toydan çıxıb müharibəyə düşmüşdüm.  Həm də özümdən başqa 357 şəxsi heyəti qorumalı idim. Allah o dönəmdə mənə xüsusi güc verdi, öhdəsindən gəldim. Həm də mənimlə eyni komandada olan gənclərin vətənpərvərliyi, cəsarəti mənə ilham verirdi. Mənim vəzifəm eyni zamanda həyəcanlanan, müəyyən qədər qorxusu olan gənclərlə işləmək idi, amma bu vəzifəni yerinə yetirməyə demək olar ki, ehtiyac qalmadı.

- Müharibə dedikdə ağlınıza ilk olaraq hansı səhnə gəlir?

Açıklama yok.

- Əvvəllər müharibə kinolarına baxanda o cür hadisələrin olması mənə fantaziya kimi gəlirdi. Düşünürdüm ki, yəni doğrudan belə hadisələr ola bilər? Amma müharibədə iştirak edəndən sonra gördüm ki, realda mənzərə daha dəhşətlidir. Yaxın dostların bir neçə dəqiqə sonra şəhid olması, yaralanması bizə çox acı təsir edirdi. Ən yaxın 3 dostumu müharibədə itirdim, onlar indi də yuxularıma girir. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. İndi evdə müharibə səhnələrinə baxanda ailə üzvlərimə də deyirəm ki, bu görünənlər hələ o mənzərənin cüzi hissəsidir.

- Hansı istiqamətlərdə döyüşmüsünüz?

- Bizdə istiqamət Kəlbəcərin müdafiəsi idi, Suqovuşan, Murovdağ, Ömər aşırımı istiqamətlərində döyüşlərdə iştirak edirdim. Əsasən Kəlbəcərin müdafiəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə mübarizə aparırdıq.

- Bəs ən çox çətinlik çəkdiyiniz istiqamət hara oldu?

- Kəlbəcərdə “Beton post” deyilən bir post var idi, orada çox böyük itkilər verdik. Heç qırıcılar belə həmin beton postu dağıda bilmirdilər. Lakin “Yaşma əsgərləri” bu işin öhdəsindən gəldi. Ən çox çətinliyimiz o istiqamətdə olmuşdu. Çünki yüksəklikdə özündən əlavə 23-25 kiloqram yükü daşımaq, arxandakı əsgərlərin məsuliyyətini hiss etmək asan deyildi. Düzdür, qorxu yox idi, amma yenə də gələcəklə bağlı suallar ağlımızda dolanırdı.

“Ermənilər yaşca, görünüşcə ən kiçik əsgərimizdən belə çəkinirdilər”

Açıklama yok.

- Erməni əsgərləri ilə yaxın təmas, ünsiyyət olubmu?

- Biz Gülüstan meşəsində şəhidlərimizi təhvil alırdıq. O zaman da ermənilər öz leşlərini götürürdülər. O vaxt ünsiyyətimiz yaranırdı.

- Maraqlıdır, təxliyə zamanı qarşı tərəfdə nələri müşahidə edirdiniz, hansı hissləri keçirirdilər?

- Onlar bizdən çox qorxurdular. Təxliyyə zamanı belə qorxurdular ki, hətta ən yaşca kiçik əsgərimiz də onları öldürə bilər. Çünki bizdə iradə güclü idi, əsgərlərimizə həsədlə baxırdılar. Lakin təxliyə dönəmində təxribata əl atmırdılar.

“Döyüşdə aktyorluq bacarığım da işimizə gəlirdi”

Açıklama yok.

- İncəsənət adamı daha həssas, kövrək olur deyirlər. Bu sizə döyüş meydanında mane olmadı ki?

- Əksinə... İnsanlara da qəribə gəlirdi ki, ürəyi incəsənətlə döyünən adam döyüş meydanında necə olacaq? Lakin mənim belə çətinliyim olmadı, əksinə, incəsənət sahəsində olmağım o vaxtlar çox köməyimə gəldi. Döyüş vaxtı vətənpərvərliyə aid şeirlər deyirdim, Məmməd Arazın “Ayağa qalx, Azərbaycan” şeiri əsgərləri daha da ürəkləndirirdi. Bəzən gərginlik olanda aktyorluq bacarığımdan da istifadə edib əsgərləri güldürürdüm. Əsgərləri darıxmağa qoymaq olmazdı.

- Müharibə vaxtı ən çox çətinlik çəkdiyiniz məqam nə idi?

- Çətinliklər çox idi, lakin başqalarını qorumaq kimi məsuliyyət hissi daha ağır idi. İlk gündən bütün əsgərlərlə söhbətlər aparırdım. Elə gənclər var idi ki, döyüşə çox acınacaqlı vəziyyətdə, yəni bir sıra maddi problemləri geridə buraxaraq gəlmişdi. Amma o gənclər ailə məsuliyyətini daşımaqlarına baxmayaraq, döyüşmək istəyirdi. Bu, məni çox duyğulandırırdı. Yaşı az olan əsgərlər döyüşdə daha ürəkli davranırdılar.Onlar yanıma gəlib deyirdilər ki, irəliyə onları verim, ailəli olanları qabağa vermək olmaz. Yəni o zamanlar əhval-ruhiyyə çox gözəl idi.

- Döyüşçünün bir gününü qısa olaraq necə təsvir edə bilərsiniz?

- Gün necə gəlib keçirdi bilmirdik, yemək yadımıza düşmürdü. Gecə yata bilsəydik, səhər 5-də oyanırdıq. Amma 44 gün ərzində o qədər minomyotlar atılırdı ki, adam yatmağa risk edə bilmirdi. Çünki o qədər elə hal olub ki, əsgər yatdığı yerdə minomyot düz yanına düşüb. Hava şəraiti də bir az çətinlik yaradırdı. Yağış, palçıq irəliləməyə müəyyən qədər mane olurdu. Elə olurdu ki, iki əsgərə bir döşək çatırdı, o vəziyyətdə uzanırdıq. Amma o vaxt komandir, yaxud əsgər anlayışı yox idi. Mən komandir kimi əsgərlər çətinlik çəkməsin deyə, əlimdən gələni edirdim.

- Cəbhəyə yollananlar ölümü gözə aldıqlarını bildirirdilər, siz necə, ölümü gözə almışdınız?

- Əlbəttə, cəbhəyə yollanan adam 90 faiz əmin olur ki, ölümə gedir. Məni döyüşlərə çağıranda ailəm yanımda deyildi, yolda mənə qardaşımdan zəng gəldi. Ailəm çox narahat olmuşdu, qızımı arxada qoyduğum üçün çox narahat idim. Amma getməli idim...

- 44 günlük müharibədən sonra normal həyata dönüş necə idi?

- Müharibədə olmuş bütün əsgərlər kimi mənim də bəzi çətinliklərim oldu. Adicə səs gələn kimi diksinirdim, elə bilirdim minamyot düşür. Yaxud toyda musiqi səsi yüksək olanda qulağımı tuturdum, elə hiss edirdim ki, indicə nə isə partlayış oalcaq. Mənə yaxın adamlar bu vəziyyətimi anlayırdılar. İndi də müharibə səhnələri yuxularıma girir.

“İşsizəm, Akademik Musiqili Teatrında işləmək istəyərəm”

Açıklama yok.

- Hazırda işləyirsiniz?

- Xeyr, işsizəm. İş üçün bir çox yerlərə müraciət etmişəm. Mən teatr adamıyam, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləmək istəyərəm.

- Sonda ənənəvi sualı vermək istərdim. Yenidən müharibə olsa, döyüşə yollanardınız?

- Əlbəttə, bütün varlığımla yenidən döyüşə hazıram. Torpaqlarımız üçün canımdan keçərəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO