Hazırda Azərbaycanda mədəniyyət sahəsində əsas icra hakimiyyəti orqanı Mədəniyyət Nazirliyidir.
Bu nazirlik 1991-ci ildə təsis edilib. Daha əvvəl isə Azərbaycan SSR Mədəniyyət Nazirliyi adı ilə fəaliyyət göstərib. Bu qurum 32 illik fəaliyyəti dönəmində bir müddət Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyətinə davam edib.
Hal-hazırda isə mədəniyyət naziri vəzifəsi boşdur. Nazirin səlahiyyətlərini isə birinci müavin Adil Kərimli icra edir.
Bəs, sabiq mədəniyyət nazirləri indi haradadır?
Bizim.Media bu suala cavab axtarıb.
Polad Bülbüloğlu
Müstəqil Azərbaycanın ilk mədəniyyət naziri Polad Bülbüloğlu olub. O, 1988-1991-ci illərdə Azərbaycan SSR-in, 1991-ci il fevralın 5-dən etibarən isə müstəqil Azərbaycanın mədəniyyət naziri vəzifəsini icra edib. P.Bülbüloğlu 2006-ci il yanvarın 30-dək nazirliyə rəhbərlik edib. Nazir vəzifəsindən azad edildikdən sonra P.Bülbüloğlu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 17 ildən çoxdur ki, bu vəzifəni icra edir.
Polad Bülbüloğlu Azərbaycan Respublikasının Xalq Artisti, “Heydər Əliyev ordeni” laureatıdır.
Əbülfəs Qarayev
Polad Bülbüloğlunun vəzifədən azad edildiyi gün Prezidenti müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Yeni nazirliyə rəhbər vəzifəyə Əbülfəs Qarayev təyinat aldı. O, bu təyinata qədər gənclər, i̇dman və turizm naziri postunu tuturdu.
Ə.Qarayev 2018-ci ilin 20 aprelinə qədər mədəniyyət və turizm naziri vəzifəsində qaldı. Həmin tarixdə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv olundu. Əbülfəs Qarayev yeni yaradılan Mədəniyyət Nazirliyinə rəhbər təyin olundu və 2020-ci ilin 21 mayınadək bu vəzifəni icra etdi.
Əbülfəs Qarayev hazırda hər hansı dövlət qurumunda vəzifə tutmur. Sabiq nazirin ailə üzvlərinin xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olduğu ilə bağlı xəbərlər yayılıb. Əbülfəs Qarayevin hazırda Bakıda yaşadığı deyilir.
Anar Kərimov
Sələflərindən fərqli olaraq, Anar Kərimov mədəniyyət naziri vəzifəsində xeyli az qalıb. O, bu postda heç bir il belə qala bilmədi. Belə ki, 5 yanvar 2021-ci il tarixində nazir vəzifəsinə təyinat alan A.Kərimov, 22 dekabr 2022-ci ildə vəzifəsindən azad edildi. Kərimovun istefasından əvvəl hüquq-mühafizə orqanları nazirlikdə əməliyyatlar keçirdi. Nazir müavini Elnur Əliyev də daxil olmaqla, qurumun bir sıra yüksək vəzifəli məmurları saxlanıldı. Bir neçə gün sonra isə, Anar Kərimov istefaya göndərildi.
Vəzifədən gedişinin 3 ayı tamam olan Anar Kərimov hazırda hər hansı başqa vəzifəni tutmur.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:00 / 28.03.2023
Sabiq mədəniyyət nazirləri indi haradadır? – ARAŞDIRMA
Hazırda oxunan: Sabiq mədəniyyət nazirləri indi haradadır? – ARAŞDIRMA
Hazırda oxunan: Sabiq mədəniyyət nazirləri indi haradadır? – ARAŞDIRMA
127473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.