“Bu gün Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyini qeyd edirik. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı teatr ictimaiyyətinə deyərdim ki, ən böyük bayram hədiyyəsi oldu. Bu 150 illik yubileydə mənim də yarım əsrlik payım olduğundan özümü xoşbəxt hesab edirəm”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamal deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Teatr Günü ilə əlaqədar telemarafon KEÇİRİLƏCƏK
“Xatirələr məni nə az, nə də çox, düz yarım əsr əvvələ, peşəkar milli teatrın 100 illik yubileyi keçirilən dövrə apardı. O vaxt mənim 25 yaşım vardı və Milli Dram Teatrında çalışırdım. Bu əlamətdar yubiley tədbiri ilə bağlı Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev Sərəncam imzalamışdı. Yubiley tədbiri 1974-cü il may ayının 31-də çox böyük təntənə ilə qeyd olundu” - deyə Xalq artisti sözlərinə davam edib.
“Teatrımızın gələcəkdə milli köklərdən və dünya teatr təcrübəsindən bəhrələnərək beynəlxalq arenada daha mükəmməl şəkildə öz sözünü deyəcəyinə çox inanıram. Ölkə rəhbərinin imzaladığı Sərəncamın teatr xadimlərinin yaradıcılığına çox böyük ruh yüksəkliyi verəcəyinə də əminəm”- deyə “Şöhrət” ordenli professor İlham Namiq Kamal deyib. Çoxsaylı teatr xadimlərini qarşıdan gələn təntənəli bayram münasibətilə ürəkdən təbrik edən Xalq artist İlham Namiq Kamal onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb: “Teatr bayramınız mübarək olsun, əziz dostlar”.
Ziya Yaqubzadə, Bizim.Media