Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşən Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 14 il əvvəl, 2008-ci ildə Roma, Paris, Afina və Qüds şəhərləri ilə yanaşı, Şəki də tarixi şəhərlər arasında əlaqələrin möhkəmləndirilməsi təşkilatı olan və Yaponiyada fəaliyyət göstərən Tarixi Şəhərlər Liqasının üzv seçilməklə tarixdə bir ilkə imza atıb.
Şəki bölgənin mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəzi hesab olunur. 2700 ildən artıq tarixi olan Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir.
Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir.
Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 arxeoloji və memarlıq abidəsi var.
Onlardan Fazıl nekropolu, I-IV əsrlərə aid Kiş alban məbədi, XVIII əsrə aid Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir. 2012-ci ildə “Şəki Xan Sarayı”nın 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib.
Dəmirçilik, silahsazlıq, misgərlik, zərgərlik, papaqçılıq, duluzçuluq, şəbəkəçilik, xalçaçılıq və qədim köklərə malik olan bir çox istehsal sahəsi Şəkinin sənət məbədinin sütunlarını təşkil edir.
Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş edib.
Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana vətəni hesab olunur.
2010-cu ildə Şəki "Azərbaycanın Sənətkarlıq Paytaxtı", 2012-ci ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı seçilib, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu ildən isə Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
12:17 / 22.11.2022
Şəki 14 il əvvəl Tarixi Şəhərlər Liqasının üzvü seçilib – FOTO
Hazırda oxunan: Şəki 14 il əvvəl Tarixi Şəhərlər Liqasının üzvü seçilib – FOTO
Hazırda oxunan: Şəki 14 il əvvəl Tarixi Şəhərlər Liqasının üzvü seçilib – FOTO
105652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.