"Sözün repressiyası" sənədli filminin təqdimatı baş tutub - VİDEO

Hazırda oxunan: "Sözün repressiyası" sənədli filminin təqdimatı baş tutub - VİDEO

105114

"Sözün repressiyası" adlı sənədli filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. 

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv şöbənin sektor müdiri Rüfət Əliyev giriş sözü ilə çıxışında bildirib ki, hazırda öz həqiqətlərimizi istədiyimiz kimi beynəlxalq ictimaiyyətə çatdıra bilirik:

“1937-ci ildə amansız Stalin repressiyalarının qurbanı olmuş ədib və aydınlarımıza həsr edilən filmin mövzusu kədərli və ağrılı olsa da müəlliflər gözəl ifadə etməyi bacarıblar”.
Filmin rejissoru, əməkdar artist Rafiq Həşimov ekran əsərinin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkür edib: 

“İlk növbədə Mədəniyyət Nazirliyinə sifarişçi kimi çıxış etdiyinə görə, eləcə də filmin çəkilişində iştirak edən çəkiliş qrupunun bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, filmin ssenari müəllifi Səlim Babullaoğlu filmin tarixindən söz açıb:

“Bu il Prezident İlham Əliyevin sərəncamı ilə böyük ədiblərimiz Hüseyn Cavid və Əhməd Cavadın yubiley illəridir. Filmin təqdimatının bu günlərə təsadüf etməsi bizim bilmədiyimiz bir qanunauyğunluqdur. Azərbaycanın müstəqilliyi uğrunda çoxlu şəhidlər vermişik, o şəhidlərin ön sırasında XX əsrdə yaşayan və bu filmdə adları sadalanan ədib və yazıçılarımız, şairlərimiz olublar.

Film onların xatirəsini ehtiramla xatırlayır və onların bir neçəsinin tarixçəsini təqdim edir. Bu tarix bütün repressiyaya məruz qalmış böyük insanların ümumiləşmiş tarixçəsidir. Digər tərəfdən film repressiyanın dırnaqarası fəlsəfəsini də açır. Repressiya məsələsi şəxsi mənada da mənim üçün vacib bir mövzudur.

Çünki ana tərəfdən babalarım 37-ci il repressiyasına məruz qalıblar, Qarabağdan sürgün olunublar.

Sonra nə Qarabağa, nə də Bakıya buraxılıblar. Hesab edirəm ki, film yalnız ədib və aydınlarımıza deyil, repressiyaya məruz qalmış bütün insanlara ithaf olunub. Biz qərara gəldik ki, həmin ədiblərin üzünü bizə tərəf çevirək və onların xatirəsini anaq və tarixini danışaq”.
Qeyd edək ki, tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, prezident təqaüdçüsü Rais Rəsulzadə və bir çox ictimai şəxslər və ziyalılar iştirak ediblər.

Bizim.Media
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO