Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticəsində 2 qoruq, 4 yasaqlıq dağıdılıb, 269.000 ha meşə sahəsi qırılıb, nadir bitki örtüyü məhv edilib.
Xarıbülbül də öz yurdundan itkin düşüb. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan mübarizə onun gələcək taleyinə də işıq salır.
Bizim.Media xəbər verir ki, ekoloq Dilbər Zamanlı bunun üçün ilk növbədə işğaldan azad olunan yerlərdə Xarıbülbülün yayıldığı arealın müəyyənləşdirilməsi və nəzarətə götürülməsini vacib sayır: “Yayılma yerlərində antropogen təsirlərin azaldılmasına fikir vermək lazımdır. Yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur”.
Ekoloq hesab edir ki, ərazidə davamlı monitorinqlər həyata keçirilməli, xüsusilə bitkinin çiçəkləndiyi dövr ərzində sıx müşahidələr aparılmalıdır: “Hansı ki, Xarıbülbül üçün bu dövr aprel ayına təsadüf edir. Çünki bitkinin toxumları bu aydan sonra əmələ gəlməyə başlayır. Gələcəkdə arealın genişləndirilməsi üçün onun yetişdiyi, böyüdüyü optimal temperatur-torpaq-su şəraiti araşdırılmalıdır. Həmçinin, bitkinin iqlimə həssaslığı da qiymətləndirilməlidir”.
Gülşanə Mustafayeva, Bizim.Media