Aktrisa Rəna: Estetik əməliyyatlara 90 min avro xərclədim, uğursuz alındı – MÜSAHİBƏ/FOTO

Aktrisa Rəna: Estetik əməliyyatlara 90 min avro xərclədim, uğursuz alındı – MÜSAHİBƏ/FOTO

Hazırda oxunan: Aktrisa Rəna: Estetik əməliyyatlara 90 min avro xərclədim, uğursuz alındı – MÜSAHİBƏ/FOTO

98411

“Vicdan haqqı” serialında yaratdığı Gülnarə obrazı ilə aktrisa kimi məşhurlaşan, eyni zamanda bir neçə həftə əvvəl “Beynəlxalq Gözəllik və Model” (International Beauty and Model) müsabiqəsinin qalibi seçilən iş xanımı Rəna Əliyeva Bizim.Media-ya özəl müsahibə verib.

- Necə oldu ki “Beynəlxalq Gözəllik və Model” (International Beauty and Model) yarışmasına qatıldınız?  

- Bu və digər gözəllik müsabiqələrinə çox qatılmışam. İlk dəfə 2017-ci ildə Serbiyada keçirilən gözəllik yarışmasında iştirak etmişəm. Hardasa 2-3 ay əvvəl Rumıniyada baş tutan mükafatlandırma mərasimində “Best socialite” (elitar cəmiyyətin gözəli - red.) nominasiyasına layiq görülmüşəm. Beləcə müxtəlif layihələr çərçivəsində tez-tez Avropanı gəzirəm və inkişaf edirəm.

O ki qaldı, “International Beauty and Model” müsabiqəsinə, bu yarışma Çində keçirilmişdi. İştirakçı sayına görə sözügedən yarışma rekorda imza atmışdı. Biləndə ki, həmin müsabiqə bu il Azərbaycanda keçiriləcək, iştiraka iki əlli razılıq verdim. Xaricdə keçirilən gözəllik yarışmalarında iştirak etdiyimə görə bu müsabiqələrin əslində necə doğru və duzgün keçirilməsindən xəbərim var. Bəli gözəl və cəlbedici görünüşün olmalıdır, amma bu yarışmalara qatılan iştirakçı xanımlar “kamp” şəraitində yaşayırlar. İştirakçılar arasında intriqalar gedir. Orada hər şey dəqiqə-dəqiqə hesablanır, gecikəndə balından çıxılır.

Münsiflər heyəti bu kimi məsələlərə diqqət yetirir. Sənin özünü aparmağın, digər iştirakçılara ve personala olan münasibətin, oturuşun-duruşun, geyimin, hər kiçik detallar jüri heyəti tərəfindən izlənilir və müəyyən xallarla qiymətləndirilir. Amma Azərbaycanda keçirilən yarışmalarda bu kimi qayda-qanunlar yoxdur. Burada isə müsabiqələr bir gün keçirilir. İştirakçılar çıxırlar səhnəyə, münsiflər heyəti səs verirlər. O səslər hesablanır və nəticədə ən çox səs toplayan modelin başına tac qoyulur. Və heç kim də maraqlanmır ki, niyə məhz bu xanım qalib gəldi. Sözügedən yarışmada Azərbaycanı layiqincə təmsil edəcəyimə əmin idim. Çünki kifayət qədər müsabiqə təcrübəm var. “International Beauty and Model” yarışmasında 20 ölkə vardı. Azərbaycanı isə mən təmsil etdim.

Həmin 19 ölkənin xanım modeli ilə birgə İsmayıllının Baskal kəndində yerləşən “Baskal Resort”da qaldıq. Yarışmanın qaydalarına əsasən hər otaqda iki ölkənin istirakçısı qalmalı idi. Mən isə “Miss Kazakhstan”la bir otaqda qalırdım. Bu yarışma oyun kimidir. Burada ən güclü qalib gəlir. Yarışma üç yaş kateqoriyadan ibarət idi. Ailəli, eyni zamanda ana olduğum üçün “missis” kateqoriyasında idim. Məndən daha kiçik yaşlarda ailəli olmayan və daha yaşlı xanım iştirakçılar vardı.  

- Sözügedən yarışmada qalib gələcəyinizi gözləyirdiniz? Bu qalibiyyətə inanırdınız? 

- Etiraf edim ki, özümü hər zaman qalib olmayacağıma hazırlaşdırıram ki, sonra üzülməyim. Yəni bunu özümə yedizdirmişəm. Artıq hazır idim ki, müsabiqənin başqa qalibi ola bilər. Münsiflər heyətinin üzvləri “World Beauty” konqressinin rəhbərləri idi. Onlar onlayn vasitəsi ilə seçim apardılar. Bunu isə pamdemiya ilə əlaqələndirdilər. Münsif heyətinin bir sıra üzvlərini özüm şəxsən tanıyırdım. Çünki onlar mən iştirak etdiyim digər yarışmalarda da münsif heyətində olublar.

Hətta bir müddət əvvəl Bakıda 17 ölkə arasında saç və makiyaj üzrə dünya çempionatı keçiriləndə, həmin jüri heyətinin bir sıra üzvləri bura gəlmişdirlər. Otelin personalı belə səsvermədə iştirak etdi. Çünki davamlı biz onların gözləri önündə idik. Qalib olduğumu eşidəndə şok keçirdim. Çox pis əsirdim. Hətta özüm belə anlayırdım ki, səhnədə əsirəm (gülür). Niyə belə gündəyəm? Gözlərim sevincdən dolmuşdu. Müğənni səhnədə çıxış edəndə məəttəl şəkildə donub qalmışdım. Heç bilmirdim nə edim.  

- Digər 19 ölkənin iştirakçıları qalib gəldiyini üçün sizə “sifət” elədilər?  

- Bəli. Bəzilərinin sifəti “çönmüşdü”. Yarışmadan sonra da bəzi söz-söhbətlər eşitdim. Amma mən danışılanlara fikir vermədim. Nə deyim? Bu normal haldır.

- Azərbaycanda keçirilən gözəllik yarışmalarına dırnaq içində baxırlar. Qalibləri isə çox zaman sosial şəbəkələrdə tənqid edirlər. Bəs haqqınızda tənqid eşidib, oxuyanda necə reaksiya verirsiniz? 

- Haqqımda hansısa tənqidi fikirlər yazılırsa, heç zaman cavab vermirəm. Darıxanda həmin tənqidi fikirləri oxuyub, gülürəm. Hərdən mənə təhqir yazan izləyicilərin səhifəsinə baxıram. Görürəm ki, heç buna cavab yazmağa dəyməz. Ona görə boş verib, keçirəm üstündən. 

- Cəmiyyət arasında gözəllik yarışmalarında qalib gələn modellərin müəyyən ödənişlə birincilik qazandıqları ilə bağlı müxtəlif söhbətlər gəzir. Yoxsa siz də qalib olmaq üçün pul ödəmisiz? 

- Ola bilər ki, Azərbaycanda keçirilən gözəllik müsabiqəsində 10.000 manat verib, qalib olasan. Amma Avropada bu kimi məsələlərə çox ciddi baxılır və pul məsələləri keçmir. Bu yarışmada bir sıra varlı iş xanım iştirakçı vardı. Bir sözlə, iştirak edən bütün xanımların yaxşı imkanları var. Yəni biz hamımız qalibiyyət üçün "dirəşsəydik" bu onsuz da alınmazdı. Bu müsabiqədə rəqabət tamam başqa cür idi. Burada pul heç nəyi həll etmirdi. “Beynəlxalq Gözəllik və Model” (International Beauty and Model) müsabiqəsi əsl oyun idi. Biz oyunun tam mərkəzində idik. Hamımız 24 saat yüksək dabanlı ayaqqabıda gəzirdik. İnanın səmimiyyətimə, mən hələ də barmaqlarımı, dabanımı ağrıdan hiss etmirəm.

Hələ də ayaqlarım ağrıyır. Oteldə belə çəkmələrdə gəzməyə icazə yox idi. Bu şərtlərdən biri idi. Gəzsəydin, uduzacaqdın, yəni xalından kəsəcəkdilər. İştirakçı xanımların hamısı ideal saç və vizajda olmalı idi. Bilirsiz ki, özümün gözəlik mərkəzim olub. Buna görə də özüm-özümü 15 dəqiqə içində çox gözəl makiyaj edirdim. Orada gecikmək olmazdı. Bütün günü rəqabət aparırdıq, stress içində idik. Amma bu stressi də digər yarışmaçılara büruzə verməməlisən. 

- Sözügedən yarışmaya iş xanımı kimi qatıldığınızı söylədiniz. Hansı şəxsi biznesə sahibsiz? 

- Spa, gözəllik salonlarım vardı. Amma onları pandemiyaya görə bağlamaq məcburiyyətində qaldım. Çox böyük ziyan dəydi. Gördüm ki, salonları işlətməyin heç bir mənası yoxdur. Çünki gözəllik salonu biznesi pandemiyadan sonra Azərbaycanda çökmüş vəziyyətdədir. Elə bu gün də zəifdir. Salonlarımda çalışan işçilər hazırda başqa mərkəzlərdə çalışırlar. Onlar da işlərinin az olmasından gileylənirlər. Ona görə də salonları birdəfəlik bağlamaq qərarına gəldim.

Təsəvvür edin, üç mərtəbəli bir yer açırsız və üstündən on gün keçir, pandemiya başlayır hər yer bağlanır. İki il həmin obyekti öz gücünüz hesabına saxlayırsız. Nə qədər ziyan dəydiyinin rəqəmlə açıqlamaq istəmirəm, çünki çox böyük rəqəmdir. O pullar hamısı batdı, getdi. Hazırda yenidən hər hansısa işə başlamağı da istəmirəm. Çünki baxıb, müşahidə edirəm ki, bir çox yerlərdə işlər zəifləyib. Həm də mən elə bir işə başlamaq istəyirəm ki, özüm üçün də maraqlı olsun. Ya gözəllik salonu, yada ki geyim-butik-atelye, yəni dizaynerlik bir işi. İndi vəziyyət tam da bəlli deyil. Hələ də bu sahələr üzrə çətinliklər mövcüddur. Məhz bu səbəbdən hansısa biznesə başlamaq istəmirəm. Valideynlərim Bakıda yaşayır. Onlardan çox uzaq qalmaq istəmirəm. Amma öz ölkəmdə də hər an yeni işə başlaya bilərəm.  

- Çox böyük məbləğdə pul itirdiniz. Bəs bu ziyanın altından qalxmaqda sizə kim yardımçı oldu? 

-  Ailəm, yəni həyat yoldaşım mənim arxamda durdu. 

- İndi oxuyucularımızda bir sual yaranacaq. Aktrisa necə oldu ki, iş xanımına çevrildi?

- Aktrisa kimi çox az fəaliyyət göstərdim. Bu sənət mənim çox xoşuma gəlir. Həvəsli idim. Amma həyat yoldaşım istəmir ki, fəaliyyətimi davam etdirim. İş xanımı olmağım isə sırf həyat yoldaşımın dəstəyi ilə olub. Aktrisa yoxsa iş xanımı seçiminə qaldıqda isə ikincini seçirəm. Çünki əgər mən aktrisa kimi sübh tezden oyanıb səhər saat 9-da gedib, gecə saat 3-də çəkilişdən çıxacağamsa, ödənilən məbləğ yalnız yol pulumu və müəyyən gündəlik xərclərə gedəcək. Mən pul xərcləməyə meyilli qadınam (gülür). Verilən qonorar da heç kimə sirr deyil ki, çox azdır. Günü bu günü mənə seriallara çəkilmək təklifləri gəlir. Amma imtina edirəm. Çünki verilən qonorar məni heç cürə qanə etmir. Və istədiyim məbləği mənə verməyəcəklər deyə elə bəri başdan rədd cavabı verirəm.  

- Tamaşaçılar sizi “Vicdan haqqı” serialında canlandırdığınız katibə obrazı ilə tanıdılar. Həmin serialda çəkilmək üçün nə qədər qonorar alırdınız?

- Həmin zaman üçün aldığım qonorar normal idi. Mən qonorara görə çəkilmirdim, həvəsliydim. O seriala çəkiləndə 17-18 yaşım vardı. Hələ uşaq idim (gülür). Seriala çəkilməyə çox həvəsli idim. Bu mənim televiziya ekranında ilk rolum idi. Serial çəkilən zaman tez-tez xaricə gedib-gəlirdim. Çünki həyat yoldaşım xaricdə yaşayır. Sonra gördüm ki, serial zamanımı çox alır. Həmin ərəfələrdə ailə həyatı qurdum. “Vicdan haqqı” üç il çəkildi. Dünyaya övlad gətirdim. Ondan sonra serialdan uzaqlaşdım. Hətta diqqətlə baxsanız görərsiniz ki, serialın sonuncu bölümlərində mən yoxam. Sizə bir sirr açım, heç özüm oturub "Vicdan haqqı"nı izləməmişəm. İlk üç-dörd bölümünə baxdım. Katibə rolu epizodik idi. Baxdım ki, görüntü yaxşıdır, daha sonra heç izləmədim.

- Deyirlər ki, aktyorlar “plastilin” kimi olmalıdırlar. Onlar üçün rolun heç bir əhəmiyyəti olmamalıdır. Əgər aktyorsansa, hər bir rolu ifa etməyi bacarmalısan. Bəs siz bu deyimlə nə dərəcədə razısız?  

- Əgər bir aktrisa kimi hansısa bir ekran işinə çəkilirəmsə, rolun mənim üçün önəmi, çərçivəsi yoxdur. Əsas önəmi verirəm ssenariyə. Açıq-saçıq bir obrazı canlandırmaq təklifi gələrsə ilk növbədə ssenariyə baxacağam. Əgər görsəm ki, keyfiyyətli, dəyərli bir ekran əsəridirsə, niyə də çəkilməyim ki... Əgər aktrisayamsa və bu mənim işimdirsə, niyə də çəkilməyim. Heç belə keyfiyyətdə film də görmürəm. Ona görə də razılaşmıram.

- Açıq-saçıq səhnələrə çəkilərsiz? 

- İndi aktrisa fəaliyyətimi dondurmuşam, başım müsabiqələrə qarışıb. Yəni təklif də gəlsə çəkilmərəm. Amma əgər aktrisa fəaliyyətimi davam etdirsəydim, çəkilərdim. 

- Milli istehsalımız olan film və seriallara baxırsız? 

- Xeyr, seriallarımızı izləmirəm. Çünki buna zamanım yoxdur. O ki qaldı filmlərimizə, bir il əvvəl kinoteatra gedib baxmışam. Ötən illərdən fərqli olaraq, irrələyiş var. Amma hələ də keyfiyyət baxımından filmlərimiz o dərəcədə deyil. İzləyib görürsən ki, filmin büdcəsi çox aşağıdır. Baxıram ki, ailədir bir masa ətrafında əyləşiblər, amma masanın üzəri boşdur. Fonlari belə zəifdir. Dərhal evin kirayə olması gözə çarpır. Filmin maliyyəsi o qədər azdır ki, dekorasiyaya fikir vermirlər. Çox ucuz görsənir. Yalandan, boş-boş oturub söhbət edirlər, gəlib-gedirlər. Canlı deyillər, hiss edə bilmirsən. Film izləyəndə istəyirsən ki, hiss edəsən həmin abhavanı, sanki içində olasan baş verən hadisələrin. Bizim filmlərdə bu yoxdur.

- Bir az da bizə ailənizdən danışın. Həyat yoldaşınız kimdir, nə işin sahibidir?  

- Həyat yoldaşımı uşaqlıqdan tanıyıram. O əcnəbi deyil, azərbaycanlıdır. Onunla bir dost kimi yaxın idim. Dost münasibətləri sevgiyə çevrildi. Ailə qurduq, gözəl övladımız dünyaya gəldi. Oğlumun dörd yaşı var. Həyat yoldaşım iş adamıdır. Nə işə sahib olduğunu sirr saxlamaq istəyirəm. Bir gün vaxtı gələndə açıqlayacam. Məndən 10 yaş böyükdür. Ümumiyyətlə mən öz yaşıdımla oturub-durmaram, mənə maraqlı deyil. Həmyaşıdlarımla dostluq belə münasibəti alınmır. İstər oğlan, istərsə də qız olsun. Rəfiqələrim belə məndən yaşca böyükdürlər.  

- Həyat yoldaşınız iş fəaliyyətinizdə hansısa qadağalar və ya sərhədlər çəkir?

- Qadağaları yoxdu, amma olur ki narazıçılığını bildirir. Hətta gözəllik müsabiqələrinə qatılmağıma qarşı idi. Hər dəfə yarışmaya qatılanda ona deyirəm ki, bu sonuncu iştirak etdiyim müsabiqədir. Çox darıxıram, qatılmasam olmaz, deyib, onu  razılaşdırıram. Birtəhər yola gətirirəm. Hələki sakitçilikdir (gülür). Amma yenə də bilirəm ki, o, məni qısqanır. Görürsən ki, həyat yoldaşım işgüzar səfərlərə yollanır. İşinin arxasınca gedəndə məndə onu birtəhər razılığa gətirib, saqqızını oğurlayıram. 

- Sözlərinizdən belə başa düşdüm ki, həyat yoldaşınız çox qısqancdır. 

- O, məndən qat-qat qısqancdır. Münasibətlərimizdə “su” yoxdur. İkimizdə “od”uq.  

- İzləyicilərin əksəriyyəti sizin ailəli olduğunuzu bilmirlər. Sosial şəbəkədə bəylərdən gələn evlilik təkliflərinə, necə münasibət göstərirsiz? 

- Tək sosial şəbəkələrdən deyil, eyni zamanda iş aləmimdə də evlilik təkliflərin sayı-hesabı yoxdur. Ümumiyyətlə mənim üçün evlilik və ya ailə qurmaq məsələsi heç zaman problem olmayıb. Həyat yoldaşım xaricdə yaşayır. Onun işi də, biznesi də xaricdədir. Tez-tez onun yanına gedib-gəlirəm. İnsanların çox hissəsi elə düşünür ki, mən tək yaşayıram və subayam. Buna görə də, evlilik təklifləri çox olur.

- Həyat yoldaşınız və ya siz telefona gələn zəngləri və ya mesajları yoxlayırsız? 

- Xeyr, çünki biz artıq o mərhələlərdən keçmişik. Bizim övladımız var. O mənə, mən də ona güvənirəm. Mən onun telefonunu heç zaman yoxlamaram. Onun telefonunu yoxlasam, özümü də,  onu da alçaltmış olaram. Bu güvənsizlik deməkdir. Çünki güvənmədiyin insanla necə yaşamaq olar? 

- Bir çox məşhurlar xarici görkəmlərini ideal vəziyyətə gətirmək və komplekslərindən azad olmaq üçün bıçaq altına uzanıb, plastik əməliyyatlar keçirirlər. Bəs Rəna hansı estetik əməliyyatlar etdirib? 

- İllər əvvəl estetik əməliyyat etdirmək mənim üçün şok idi. Elementar iynədən belə qorxurdum. Amma oğlum dünyaya gələndən sonra fikirlərim dəyişdi. Estetik əməliyyatlar dəbə düşdü. Məşhurları qoyaq bir kənara, adi adamlar belə başladılar bir-birinin ardınca plastik əməliyyatlar etdirməyə. Düşündüm ki, mən də əməliyyat etdirim, bu dəbdi. Amma mən hər zaman öz görünüşümdən razı insan olmuşam. Uzun sözün qısası, mən də bu plastik əməliyyat dəbinə uyub, ayaqlaşdım. İki il əvvəl dodaqlarımın həcmini gel ilə böyütdüm.

Təbii gel əvəzinə süni “biopolimer” vurublar. Amma bunu məndən gizlətmişdilər. Mən də təbii gel olduğunu zənn etmişdim. Başladı dodağım daha da böyüməyə və deformasiya olmağa. Çox böyük əziyyətlər çəkdim. Dodağımdan geli üç dəfə əməliyyata girərək, çıxartdırmışam. Keçirdiyim bütün əməliyyatlarım uğursuz olub. Çox peşmanam.

Mənə umumiyyətlə lazım deyil idi hu əməliyyatlar. İlk əməliyyatlarım Bakıda olub. Sonra isə fəsadlarını aradan qaldırmaq üçün xaricə getmişəm. “Vicdan haqqı”na çəkiləndə təbii görünüşdə idim. Hətta qaşlarımı təzə aldırmağa başlamışdım (gülür). İndi həmin kadrlara baxanda şoka düşürəm ki, nə görüşdə idim. Sonra sərt çənə dolgu ilə etdirdim. Həkim dedi ki, bir həftə  on gün sonra hər şey öz yerinə oturacaq və təbii görünüş əldə edəcəyəm.
Amma yenə də hər şey tərsinə oldu. Başladı üzüm şişməyə və göyərməyə. Anladım ki, vəziyyət çox pisdir. Məcburiyyətdən yolladım Ukraynaya. Orada məşhur cərrah Maksim İvançuk yenə də çənəmdə olan yad cisimləri əməliyyatla çıxartdı. Gel mənə allergiya vermişdi. Bu isə il yarım bundan əvvəl olub. Həmçinin bədənşəkilləndirmə əməliyyatı da keçirmişəm. Amma bu əməliyyat da ugursuz oldu. Yenidən xaricə yollanıb, İvançukun əl işiylə fəsadları aradan qaldırmışam. İndi mənə desələr ki, gəl xarici görkəminə əl gəzdirək, qəti şəkildə imtina edərəm. Həm canım, həmdə pulum getdi. Əməliyyatlarıma çox böyük məbləğlər xərcləmişəm.

Təxmini 80-90 min avro (132 – 149 min manat).  Götürək dişlərimi. Öz dişlərim və təbəssümüm gözəl idi. “Hollivud gülüşü” dəbə düşdü. Hamı dişlərini başladı düzəltdirməyə. “Instagram”da həmin bəyaz gülüşlərə baxdım. Dedim ki, mən də elətdirəcəyəm. Bu “Hollivud gülüşü” isə mənə baha başa gəldi. Düz üç dəfə dişlərimi tamamilə dəyişmək məcburiyyətində qaldım. Damağıma kimi əməliyyat olundum. Mənə əməliyyat etdirmək düşmür. Hər şey əziyyətlə alınıb. O qədər olub ki, həkimin önündə oturub hönkürtüylə ağlamışam. Dözə bilmirdim. İstəyirdim ki, hər şey bitsin. Heç bir xanıma da əməliyyat olunmağı tövsiyyə etmirəm.

Təbii qalmaq sağlamlıq baxımından daha yaxşıdır. Çünki bədəndə edilən müyyən dəyişikliklər yenidən öz yerinə, amma daha pis şəkildə, fəsadlarla qayıdır. 26 yaşım olsa da, bütün bunları öz üzərimdə keçirmişəm. Artıq anladım ki, əməliyyat etdirmək çox böyük yalnışlıqdır. Xanımlara da gelləri,  dolğuları məsləhət görmürəm. Təbii görünüşün yerini heç nə əvəz etmir. İndi zamanı qaytara bilsəydim, heç nə eləməzdim, çünki öz təbii görünüşüm daha gözəl idi”. 

Rəşad Əliyev, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO