Türkiyədə yaşayan və orada aktrisalıq fəaliyyətini uğurla davam etdirən Könül Nağıyeva Bizim.Media-ya müsahibə verib.
- Uzun aradan sonra Bakıda xoş gördük sizi Könül xanım. Səfərinizin özəl məqsədi var?
- Bu səfər ailə ziyarətidir. Təəssüflər olsun ki, o da çox uzun sürmür. Bakını nə qədər çox istəsəm də həyatım İstanbuldadır. Və əlbəttə Bakıda ikən yeni layihələrimlə ibağlı bir neçə görüşməm var. Onlardan ən önəmlisi isə Qarabağla əlaqəli filmdir. Mən bir konsepsiya qurdum, ssenarisini mənim Ankarada yaşayan həmyerlimiz və dostum Mehti yazdı. Biz bu ekran əsərini beynəlxalq film festivallarına göndərmək niyyətindəyik.
Beynəlxalq festivallarda belə bir həssas mövzuya toxunanda tamamən bağımsız olmaq lazımdır, yoxsa başqa cür festivallarda seçilə bilmərsiniz. Filmin təqdimatını keçirəcəyik. Bu filmi ərsəyə gətirmək üçün Mədəniyyət Nazirliyinə müraciət edəcəyik. Dövlətimizin köməyi və dəstəyi bizim üçün çox önəmlidir. Festivallarda gərək heç kimin tərəfini tutmayasan. Bu, bir professional işdir. Şəxsi məsələləri bir kənara qoyub, professional anlamda bunu dəyərləndirmək lazımdır. Biz də ona uyğun konsepsiyaya qurmuşuq. Zənnimcə, Azərbaycan filimləri festivallarda daha çox iştirak etməlidir.
- Bakı, Moskva, İngiltərə indi də İstanbul... Bu şəhərlərdə yaşamaq harada sizin üçün rahatdır?
- Orta və ali təhsilimi rus dilində almışam. Rus dili mənim üçün Azərbaycan dili kimi doğmadır. İstanbulda yaşamağı düşünəndə, əvvəl dedim, gedim görüm necə olacaq. Bir test aparmaq istəyirdim. İstanbul insanı alıb aparır, maqnit kimi özünə çəkir. Çox çətin bir şəhərdir. Amma özünə bir düzən qurduqdan sonra hər şey yavaş-yavaş yerinə oturmağa başlayır.
- Hazırda Türkiyədə hansı yeni layihələr üzərində çalışırsız?
- Ən son "Evlilik haqqında hər şey" adlı serialda qonaq oyuncu olaraq çəkildim. Menecerim Ceren xanım dedi ki, bəsdir oturdun evdə, artıq çıxmaq laızmdır. Təkliflər çox gəlir. Düşünürəm ki, təklifləri dəyərləndirmək lazımdır. Amma hər rolu da qəbul edə bilmərəm. Bu, məni hərdən çox çək-çevirə salır, çətinlik çəkirəm. Düzgün seçim etmək lazımdır. Ya sən səviyyəli ekran əsərlərində yer alacaqsan, ya da ki, almayacaqsan. Bu, bir seçimdir. Daha çox festival filmlərində rol almağı tərcih edirəm. Serial təklifləri də alıram, amma rol məni qane etmədiyindən, qəbul etmirəm. Türkiyənin ən çox baxılan və reytinqlərdə birinci olan "Diriliş Ertuğrul" serialında monqol ovçusu Alanqoya obrazını canlandırmışam. Bu rol çox parlaq və maraqlı bir obraz idi. Saçlarımı dibindən qırxdılar. Bir aktrisa olaraq həm mənə, həm də tamaşaçıya tarix anladılır. O rol mənə çox şeylər verdi. Amma qarşıma inanmadığım bir obraz gəlirsə, çəkilməməyi tərcih eləyirəm.
- Qulağımıza çatıb ki, Avstraliyada çəkiləcək bir filmə dəvət almısız...
- Düz vurğuladınız. Təklif almışam və bu layihə ilə bağlı bir sıra danışıqlar oldu. Amma çəkilişlər bir müddətlik dayandırıldı. Bu layihə dondurulmuş bir vəziyyətdədir. Sizə bir sirr açım, iki il əvvəl Rusiyada 16 bölümdən ibarət bir seriala çəkilmişəm. Orada baş rolda ərəb qadınını canlandırmışam. Serialın rus kanalların birində nümayişi olacaq. Serialın rejissoru ingilis Entoni Vollerdir. Tez-tez suallar verirlər ki, "Necə oldu ki, az zaman çərçivəsində Türkiyədə filmlərə çəkilməyə başladın?". Türkiyədə mən tanınan biri deyiləm. Öz sektorumda tanınıram. Amma "star" deyiləm, olmaq istəyim, niyyətim və fikrim də yoxdur. Çünki belə həyatım daha sakit və hüzurludur. Yoxsa bütün günü paparazzilər arxanca düşüb, səni qarabaqara izləyir. Belə şeylər mənlik deyil. 40 yaşım var, ehtiyacım yoxdur.
- Ötən həftə Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə də reklam çəkilişləri ilə əlaqədar Şuşaya gedib. Bəs siz bu günlərdə Şuşaya yol alacaqsız?
- Nənəm Şuşalıdır. Anamgildə albomlara, köhnə şəkillərə baxırdım. Bir şəkil çıxdı qarşıma və diqqətimi dərhal çəkdi. Şəkildə yaşlı, saçı ağarmış, başında qara şal olan bir qadın əks olunmuşdu. Fotoda olan qadını tanımadım. Şəkilin arxasına baxanda isə "Bu sənin Qumru adlı nənənin anasıdır. O, Şuşada yaşayıb. Daha sonra Ağdama köçüb" sözləri yazılmışdı. Qumru nənə mənim atamın nənəsidir, yəni nənəmin anasıdır. O da onun anasıdır. Dərhal fikirləşdim ki, bu qadın Şuşada necə yaşayıb? Nənəmin atası Qulam baba Şuşada insanlara "Quran Kərimi" öyrədən olub.
O üzdən Şuşayla ata tərəfdən çox böyük bağlarım var. Amma əfsuslar olsun ki, oraya bu dəfəki səfərimdə gedə bilmədim. Amma bura növbəti səfərlərimdə Şuşanı mütləq ziyarət edəcəyəm. Ora mənə çox doğmadır.
Durdum, getdim, baxdım, gördüm məsələsi olmamalıdır. Şuşaya bir məna olaraq getməlisən. Sadəcə baxmaqla iş bitmir. Mənası olmalıdır, niyə görə ora gedirsən. Mən orada köklərimi anlamağa və tapmağa çalışmalıyam. Bunun üçün isə araşdırma etməliyəm. Müsahibəmizin əvvəlində söylədiyim "Qarabağ"la bağlı çəkəcəyimiz film həm Şuşada, həm Xocalıda və bir neçə bölgələrimizdə lentə alınacaq. Elə çəkilişlərdə gedib doğma yerləri ziyarət edərik.
- Ötən həftələrdə oğlunuz Murad məzun oldu.
- Murad mənim ən böyük dəstəkçim və ilham mənbəyimdir. Onunla mən dostam. Onun öz dünyası var. 14 yaşı var, futbolçudur, "Beşiktaş" komandasında oynayır. Hazırda İngiltərədə fəaliyyət göstərən futbol akademiyasından dəvət alıb. Muradı İngiltərəyə göndərəcəyəm. O, öz gələcəyini futbolda görür. Hərdən ona deyirəm ki, "Birdən futbol oynayan zamanı ciddi zədə alıb, əlil oldun neyləyəcəksən?" cavab olaraq söyləyir ki, "Sənin kimi aktyor olacağam. Onsuz da hər şeyi hazırlamısan". İngiltərədəki futbol akademiyasında həftədə on üç saat təlimlər olur. O, bütün bunlara alışıb. İstanbulda həftənin beş günü hər gün məşqlərdədir. Amma burada daha çox məşqlər və təlimlər olacaq. Oğlumla ayrılmazıq.
Pandemiyanı Muradla bir yerdə keçirdik. Pandemiya çoxları üçün ağır keçsə də, mənim üçün tam tərsinə əla keçdi. Murada daha çox zaman keçirdim. Davamlı onunla bir yerdə olduğumdan baxıb deyirdim ki, "Murad necə tez böyüdü".
- Murad sizi aktrisalıq fəaliyyətinizlə bağlı tənqid edirmi, irad tuturmu?
- "Diriliş Ertuğrul"da çəkiləndə obraz üçün saçlarımı keçəl qırxdırdım. Evdən saçlı çıxıb, saçsız qayıdanda Murad söylədi ki, "Sən mənim anam deyilsən. Bir də saçını belə etsən, səninlə danışmayacağam". Muradın belə uşaq kaprizləri olur. Ona başa salmışam ki, mən aktrisayam. Ekranda gördüyün insanla, real həyatda eyni insan deyiləm. Görüntü eynidir, amma ekranda obraz var. Uşağa onun başa düşəcəyi bir dildə nəsə başa salsanız, normal qəbul edəcək. Ona hər şeyi izah edirəm.
- Açıq-saçıq səhnələrdə çəkilməyə razı olarsız?
- "Blue" TV-də yayımlanan "Gerçek olamaz" filmində açıq səhnələrdə çəkilmişəm. Estetik olduğu halda mən razılıq verirəm. Mənim üçün ən önəmli məsələ ssenaridir. Əgər ekran işinin dərin mənası varsa.... Boş-boşuna niyə bədənimi açım, göstərim?! Bu, mənə nə verəcək? Bəlkə də deyəcəklər ki, çox cəsarətli aktrisadır. Yox, mən cəsarətli aktrisalığımı ağlımla göstərməyin tərəfdarıyam, bədənimlə deyil. "Gerçek olamaz"dakı səhnələr estetik çəkilmişdi. Orada sevgi nümayiş olunurdu. Amma seks səhnələrinə ehtiyac yoxdur. Dünyaca məşhur amerikalı rejissor Darren Aronofski qarşıma ssenari qoysa və orada açıq-saçıq səhnədə çəkilməyimi istəsə, təbii ki, razılaşaram. Ssenarinin o qədər güclü olması lazımdır ki, mən özümə çəkiləcəyim açıq-saçıq səhnəni yaraşdırım.
- Türkiyədə məşhurlar konsertlərdən, çəkildikləri serial və filmlərdən yüksək məbləğdə qonorarlar qazanırlar. Bəs Könül bu qədər rəqabətin içində pul qazana bilir?
- Şikayətim yoxdu. Pandemiya olanda işlər dayandı, amma öhdəsindən gələ bildik. Yığdığımı xərclədim. Gördüm ki, ehtiyaclarımız artır, zinət əşyamı satıb, pul etdim. Üç-dörd ay məni gördü. O zamandan sonra isə layihələr gəldi.Pul bir enerjidir. Pula nə qədər rahat yaxınlaşsanız, o qədər də sizə rahat gələcək. Amma puldan bərk-bərk yapışıb, xərcləməsən, o zaman pul əlinizdən qaçıb gedəcək. Mənim həyatım da belədir.
Pula sıxışsam da, sıxışmasam da, çox rahat münasibət qurmağa çalışıram. Sadə həyat tərzim var və belə də yaşayıram. Daha da göstərişli yaşaya bilərəm. Amma bunu tərcih etmirəm. Çünki heç bir mənası yoxdur. Dünya dəyişir və daha da dəyişəcək. Bir azdan maddi varlıqlar öz dəyərini itirəcək. Bunu isə insan oğlu nə qədər tez anlasa, bir o qədər onun həyatı sakit və hüzurlu keçəcək. İndi isə belə deyil. Hamı sosial mediada nələrisə nümayiş etdirməyə çalışır. Sizcə mən "Instagram"da gözəl libas geyinib, şəkil çəkdirə bilmərəm? Çəkə bilərəm, amma bu, mənə lazım deyil. Son elədiyim fotosessiyada menecerim dəfələrlə mənə söylədi ki, bəsdir, sadə obraz yaratdın. Amma mənə belə daha rahatdır. Göstərişi heç sevmirəm".
- Özəl biznesiniz var?
- 2017-ci ildən bəri İstanbulda şəxsi prodakşınım var. Film istehsalı ilə məşğul oluruq. Ara-sıra layihələr alıb dəstək oluruq.
- Həm gözəl anasız, həm də gözəl və baxımlı qadın. Əminəm ki, sizinlə münasibət qurmaq istəyən bəylərin sayı-hesabı yoxdur. Könül ikinci dəfə ailə qurmaq haqda düşünür?
- Mənim kimi heç nəyi vecinə almayan bir insanı nə ilə təəccübləndirmək olar? Yalnız ağıl ilə. Çox təkliflər gəlir. Bu məsələdə hələki bəxtsizəm (gülür). Çünki mən söhbət etməyi sevirəm. Dedi-qodu, onun-bunun söhbətini etməyi sevmirəm, eləmirəm də. Danışırıqda dərin, mənalı və məntiqli şeylərdən söhbət edək. Mən kimlə danışım? Qarşımda mənim kimi eyni insan, mənim ikinci yarım olmalıdır.
Elə yanaşma olmalıdır ki, hər anlamda bir-birimizi tamamlamalıyıq. Bədənsəl, mənəvisəl, fiziksəl, psixolojik anlamda. Deyirlər ki, çox idealizə edirsən. Amma bu, belə deyil. Mən doğrusunu istəyirəm. Həyat yoldaşımla boşanmağıma rəğmən hələ də onunla ailə kimiyəm. Muradın atası və nənəsi ilə hələ də ailə kimiyik. Çünkü ata və ana ayrı olsalar da ilk başda uşağın xoşbəxtliyini fikirləşməlidirlər.
Keçmiş ərimlə həyat baxışlarımız ayrı ola bilər, amma Murad 50 faiz atasından, 50 faiz məndən ibarətdir. Şükür ki, biz münasibətlərimizi qoruya bilmişik və dost olaraq qalmışıq. Amma bütün bunlar keçmiş bir hekayədir. Ailə quranda mənim 24 yaşım vardı. İndi isə 40 yaşındayam. İndi eyni fikirdə deyiləm. Özümə həyat yoldaşı seçən zaman köhnədə etdiyim səhvləri etməməliyəm. Ürək heç zaman yalan danışmır.
Bir bəylə masa arxasında əyləşirəm, anında anlayıram ki, bu, mənim adamımdır yoxsa yox. Ağzını açıb "A" deyəndə, hər şeyi artıq başa düşürsən. Məsələn, deyirsən ki, şans verim, bəlkə heç fikirləşdiyim kimi deyil. Yüzdə yüz fikirləşdiyin kimi deyil, qəlbiniz heç zaman aldatmır. Yetər ki, siz onu dinləməyi bacarın və gorxmayın. Amma sən ürək əvəzinə ağlınla qərar verib "Yaşım keçir, tək qalmaqdan yorulmuşam" və digər şeyləri gözdən keçirirsən, iki-üç ay onunla bir araya gəlirsən, sonra da görürsən ki, qarşındakı kişini əslində tanımırsan. Axı sən bunu ilk gündən başa düşmüşdün ki, sənə aid bir insan deyil. Niyə girdin o girdabın içinə? Mən daha əvvəl bu kimi həyatımda səhvlər elədim. Dedim ki, "Tək olmaqdan bezdim. Qoy yanımda kimsə olsun".
Zaman keçdikcə əmin olursan ki, səhv etmisən. Anlayıram ki, yarım özü gəlib məni tapacaq. Bunun üçünsə heç nə etmək lazım deyil. Tək edəcəyim şey isə içimi təmiz tutmaqdır. Qadın böyük varlıqdır. Allah qadına dünyaya uşaq gətirmək gücünü verib. Qadın bu gücün nə olduğunu anlasa, heç zaman həyatına özünə aid olmayan adamı almaz.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:04 / 28.06.2022
"Diriliş Ertuğrul"dakı azərbaycanlı aktrisa: "Cəsarətimi bədənimlə deyil, ağlımla göstərirəm" - MÜSAHİBƏ
Hazırda oxunan: "Diriliş Ertuğrul"dakı azərbaycanlı aktrisa: "Cəsarətimi bədənimlə deyil, ağlımla göstərirəm" - MÜSAHİBƏ
Hazırda oxunan: "Diriliş Ertuğrul"dakı azərbaycanlı aktrisa: "Cəsarətimi bədənimlə deyil, ağlımla göstərirəm" - MÜSAHİBƏ
81254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.