Bir neçə gündür efir qadağasında adı hallanan müğənnilərin proqramlarda qonaq olması müzakirə yaradıb. Belə ki, ötən gün “Space” TV-də yayımlanan “İbo şou”da Aşıq Namiq Fərhadoğlu ilə müğənni Şəbnəm Tovuzlu yer alıb.
Bu gün isə ATV-də ekrana gələn “Rəngarəng”də Talıb Tale ilə Vəfa Şərifova qonaq olub. Bu məsələ sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Bizim.Media-nın məlumatına görə, müğənnilərə qadağa hər bir telekanalın öz siyasətinə uyğun aparılır.
Məsələn, ARB və ATV-də qadağa siyahısı daha genişdir. Sözügedən kanallar bir çox müğənnilərə efir qadağası qoyub. Efirə çıxanlar isə yalnız sənət nümunələri təqdim etməli, yaxud da şəxsi həyatla bağlı qeyri-etik açıqlamalar verməməlidir.
“Xəzər” TV isə bu prosesdə daha yumşaq siyasət aparır. Onlar qadağa müzakirələrindən öncə də efirlərində Ofeliya Şabanova, Kəmalə Günəşli kimi ifaçılar yer almayıb. Hətta bu barədə O. Şabanova özü narazılığını dilə gətirib.
Bundan başqa, “Space” və “MTV” kimi kanalların efirində isə qadağa olunduğu iddia olunan əksər müğənniyə hər hansı qadağa təbiq edilməyib.
Qeyd edək ki, “Manset.az”da yer alan siyahılarda Talıbın, Şəbnəmin, Vəfanın və Namiqin adı da yer almışdı.
Sara, Bizim.Media































































































