Müğənni Nüşabə Musayeva paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Nüşabə ondan pul istəyən izləyicilərinə sərt reaksiya verib:
“Vallah, bezdik əlinizdən. “İnstagram”ın, “TikTok”un direktinə, mail-ə, “Telegram”a, iş nömrəmizə hər gün minlərlə zəng və mesaj gəlir ki:
"pul ver", "kömək elə", "ev al", "telefon al", "ərə gedirəm, cehizimi al", "evimi təmir elə", "faizimi, kreditimi, borcumu ödə" və daha nələr… Başa düşmürəm, bu nə deməkdir?
Mən pul kəsirəm? Yoxsa milyonçuyam? Hələ iş axtaranları anlaya bilmirəm — mən məşğulluq idarəsinin rəhbəriyəm? Toy üçün qoymuşuq səhifədəki nömrəni, bəsdirin, əl çəkin.
İnsanı bu qədər bezdirməzlər. Bu nədir, hər kəs əlinə bir kart alıb dilənir, bir də yox deyəndə narazılıq edib, şantaj edirlər. Mənim heç kəsin dədəsinə borcum yoxdur, nə də bankın üstündə oturmamışam. Gedin, zəhmət çəkin, işləyin, qazanın!
Borc, faiz götürüb kiminlə yemisinizsə, onunla da ödəyin! Yaxşı söz öyrəniblər. Yoruldum variantlarınızdan:
Evdən gizli borca girmişəm, ərim bilsə öldürəcək məni, borc ver, qaytararam. Heç vaxt kiməsə ağız açmamışam, ilk sizə yazıram kömək üçün. Övladlarım var, baxa bilmirəm...
Yox cavabı eşidib qarğış edənlər, söyənlər var - şok oluram, vallah! Bu nə üzlülük, bu nə həyasızlıq?
Adam əl verəndə dartıb qolunu da yerindən çıxarmayın. Heç olmasa, imkan olanda Allah xatirinə gücüm çatanı edirəm. Amma bu o demək deyil ki, hər gün məndən 5-10 min manat istəyənlərə onu ödəyəcək imkanım var”.

Sara, Bizim.Media




























































































