Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Görüşdə AZAL təyyarəsinin qəzaya uğraması əsas müzakirə mövzusu olub.
Vladimir Putin təyyarənin Rusiya Hərbi Hava Qüvvələrinin açdığı atəş nəticəsində dəyən qəlpələrə görə qəzaya uğradığını qeyd edib.
Rusiya lideri Moskvanın AZAL-ın təyyarə qəzası ilə bağlı vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini və zərər çəkənlərə kompensasiya ödəniləcəyini bəyan edib.
Prezident İlham Əliyev isə AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə təqdim edilən məlumata görə Putinə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı AZAL təyyarəsinin qəzasının səbəblərinin aydınlaşdırılmasını şəxsən nəzarətdə saxladığına görə Putinə təşəkkür edib.
Vladimir Putinin açıqlamalarından da göründüyü ki, Rusiya tərəfi artıq AZAL təyyarəsinin qəzası ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan BAP-ın sədri, Millət vəkili Elşad Musayev bildirib ki, uzun fasilədən sonra Rusiya və Azərbaycan liderləri yenidən bir araya gəliblər:
“Bu mənada Düşənbədə baş tutan bu görüşün böyük siyasi əhəmiyyəti var. Məlum təyyarə qəzasından sonra Azərbaycanla Rusiya arasında vəziyyət bir qədər gərginləşmişdi. Bu gərginlik hər iki dövlətin maraqlarına xidmət etmirdi. Baxmayaraq ki, münasibətlərin gərginləşməsində Azərbaycanın heç bir məsuliyyəti yox idi. Ona görə də qarşı tərəfdən müvafiq addımların atılması gözlənilirdi.
Nəhayət Vladimir Putin bu addımı atdı və gərginliyin azaldılması üçün bəzi etiraflar etdi. Təbii ki, bizim üçün maraqlı olan odur ki, Rusiya ilə əlaqələrimiz etibarlı tərəfdaşlıq və dərin inam üzərində qurulsun. Belə olacağı təqdirdə iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mümkündür. Hesab edirəm ki, Düşənbə görüşündən sonra iki ölkə arasındakı buzlar əriyəcək və qarşılıqlı əlaqələrin inkişafı üçün yeni imkanlar açılacaq”.
Surxay Atakişiyev, Bizim.Media