Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərini müəyyən şərtlərlə keçirilməsinə icazə verib. Bu şad xəbər toy etmək istəyən cütlüklərlə yanaşı müğənnilər üçün də müjdəli xəbər olub.
Xatırladaq ki, pandemiya səbəbilə elan olunan xüsusi karantin rejiminə görə, bir ildən artıqdır ki, ölkə ərazisində toy məclislərinə keçirilmirdi.
Elə bu səbəbdən də toy bazarı öz durğunluq dövrünü yaşayırdı. Hətta yerli müğənnilərin çoxu qazanc üçün Rusiya toy bazarına üz tutub.
Bəs, hazırda bu sahədə vəziyyət necədir? Artıq müğənnilər toylara dəvət olunurmu və bu qiymətlərə necə təsir edir?
MÖVZU İLƏ BAĞLI:
Jurnalistdən toylarla bağlı SƏRT PAYLAŞIM: “Bu qadağaların məntiqi nədir?”
Bizim.Media məsələ ilə bağlı şou-biznesin bir neçə nümayəndəsindən münasibət öyrənib:
İlk əlaqə saxladığımız ifaçı Əməkdar artist Nüşabə Ələsgərli oldu.
Xanım müğənni bildirir ki, artıq toylara dəvət almağa başlayıb:
“Artıq iyul ayı üçün toylara dəvət almağa başlamışam. Demək olar ki, siyahımda yer yoxdur. Toy qiymətimdə isə heç bir dəyişiklik yoxdur”.
Müğənni Mətanət Əsədova isə deyir ki, toyların ən çox təlabatlı müğənnisi olduğu üçün dəvətləri həddindən artıq çoxdur.
“Təkliflərim həddən artıq çoxdur. Bildiyiniz kimi toy məclislərinin ən çox təlabatlı müğənnisiyəm. Ona görə artıq məclislərə dəvət almağa başlamışam. Qonararım isə dəyişilməz olaraq qalıb”.
Müğənni Zahidə Günəş isə məclislərə çox az dəvət almasından şikayətlənib.
“Düzünü desəm hələ ki, bir toya dəvət almışam. Mən axı o biri müğənnilər kimi ora-bura getmədim, gözlədim ki, hər şey qanuni yolla açılacaq, mən də icazəli şəkildə məclislərdə iştirak edəcəyəm. Allah hamının yolunu açıq etsin”.
Əməkdar artist Cavanşir Məmmədov da həmkarı Zahidə Günəş kimi iyulda çox az sayda məclisdə iştirak edəcək.
“Karantindən də əvvəl toylarda 3000-4000 manat arası qonarara iştirak edirdim. Ona görə də qiymətlər eyni olaraq qalır. İyul ayı üçün ancaq 1-2 toya dəvət almışam”.
Təranə Qumral isə bildirib ki, heç bir toy yiyəsini əliboş geri qaytarmırlar. İfaçı həmçinin qeyd edib ki, məclislər keçirilmədiyi vaxtlarda da heç bir maddi sıxıntı keçirməyiblər.
“Öz biznesimizi qurduğumuz üçün bizim üçün toyların başlaması o qədər də məna kəsb etmir. Şükür Allaha bu müddət ərzində işsizlikdən də əziyyət çəkmədik. Sözsüz ki, dəvətlər olanda toylarda iştirak edəcəyik. Bu zaman ərzində bəzi müğənnilərin iç üzləri açıldı. Xatırlayırsınızsa toy üstündə bir-birləri ilə qırğın edirdilər. Biri deyirdi mənim toyum çoxdur, o biri çıxıb bildirirdi ki, mənim dəvətim daha boldur. Bəlkə də belə olmağı onlara bir dərs oldu. Qiymətlərə gəldikdə isə qiymətlərimiz dəyişməyib. Bundan başqa biz hər zaman dəvət aldığımız məclislərin sahibləri ilə razılığa gəlirik, heç kəsi əliboş qaytarmırıq. Bu zaman ərzində Rusiyadan təkliflər gəlirdi. Lakin qiymətə görə razılaşa bilməmişik, çünki biz hər zaman məclislərdə yüksək qonararla çıxış edirik”.
Əməkdar artist Mətanət İsgəndərlinin telefonuna cavab verən köməkçisi isə ifaçının hazırda Moskva şəhərində səfərdə olduğunu qeyd edib, suallarımızı cavabsız qoydu.
Müğənni Afət Fərmanqızı isə bildirib ki, qonararı ev yiyəsinin imkanına görə dəyişir.
“Dəvətlərim həddindən artıq çoxdur. İyul ayı üçün artıq 20 məclisə dəvət almışam. Qonararımı artırmamışam, axı niyə artırmalıyam? Məndən asılı olsa, qiymətləri daha da azaldardım, ancaq məni də başa düşməlidirlər. On bir nəfər komandam var. Ancaq elə kasıb ailələr var ki, məni öz toylarında görmək istəyirlər, onlara çalışdığım qədər güzəşt edirəm. Birdə ki, 100-200 manatlıq restoranda toy edən adam üçün niyə axı qonararımda güzəşt etməliyəm? Gedib restoran yiyəsinə xeyir verirsə gətirib bizə də versin. Elə məclis sahiblərinin toyunda ansamblımla 7000 manata iştirak edirəm. Ancaq kasıb insanlara hər zaman ikiqat aşağı qiymət deyirəm. Ona görə, toy qiymətlərim 3500-7000 manat arasıdır”.
Səkinə Yusibli, Bizim.Media