“Təsadüf yoxdur. Bununla razı deyiləm. Ulduzun parıldamağı, fəxri ad, populyarlıq... Bunları tərəzinin bir gözünə, digərinə də Allahın işıq, istedad verdiyi insanları qoyun. Onun Allahın verdiyi istedadı varsa... Bütün o titulların əsl sənətə aidiyyəti yoxdur. Dünya yaranandan isti-soyuq, qaranlıq-işıq, həmişə bu təzad olub. Hamı yaxşı oxuya bilməz. İnsandır, evdə oxuyub, paylaşıb, bəxti olub bir milyon insan onu izləyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Gün ortası” verilişində deyib.
Sənətçi deyib ki, populyarlıqla sənət sahibi olmaq eyni deyil:
“Bu, o demək deyil ki, böyük istedadın sahibidir, ya da sənət üçün yaranıb. Ağıllı insanlar o ulduzluqdan istifadə etməlidirlər. Şans gülüb, əziyyət çəkmədən bir lentlə hər kəs onu tanıyıb.
Məsələn, mən 20-21 yaşımda bir gecədə məşhur olmuşam. Oyanmışam ki, bütün Respublika məni tanıyır. Onda xarici dillərdə ifalar edirdim. Musiqi təhsilim yox idi. Musiqi savadsızlığımı ört-basdır edən Rafiq Babayev adına studiyada Siyavuş Kərimi kimi böyük musiqiçi ilə çalışmağım olmuşdu.
Aygün Səmədzadənin mahnısı da səs-soraq gətirdi. Rahatlaşıb otura bilərdim ki, hər kəs məni tanıdı, bundan sonra nəsə oxumasam da, “Məktəb illəri” ilə məni tanıyacaqlar. Özü də gözəl sənətkara bənzəyirdim, sıradan sənətkara yox. Anladım ki, bu ulduzluğu əlimdən qaçıra bilmərəm. Yenidən müəllim yanına getdim, Ağaxan Abdullayevdən dərs aldım, imtahan verib Milli Konservatoriyaya qəbul olundum. Şans məndə var idi. Qədrini bilməyə də bilərdim.
Uğurun arxasında böyük zəhmət duranda ləzzəti başqa olur. “Bu sənətdə təsadüfidir” dediyimiz insanlar da bizim millətin balalarıdır. Onları millətdən kimi görmürük. Sadəcə deyirik ki, yenilik edin. Məsələn, masada gözəl təamlar var, ardınca “fast food” gətirirlər. O təamın dadını bilənlər “fast food” yeməyəcək. Uzağı mən bir dəfə yeyə bilərəm.
Mənim nəyə ürəyim ağrıyır... Musiqinin o qədər gözəllikləri var. Əgər təhsil alsalar, göy qurşağındakı bütün rəng çalarlarını, notları görə bilərlər. İki-üç notun üzərində ağ-qaradan ibarət olmazlar. Onun niyyəti odur. Quyuya ha su töküm... Mənim isə niyyətim başqadır”.
Sara, Bizim.Media