Taleh Yüzbəyov 18 min manat CƏRİMƏLƏNDİ

Taleh Yüzbəyov 18 min manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Taleh Yüzbəyov 18 min manat CƏRİMƏLƏNDİ

210725

““YüzCafe "dövründə olanları çəksəm kino yox, serial alınar. 10 ay ərzində üstümüzə bir kometa düşməyi qaldı. Çox ziyan elədik. Borcun nə olduğunu anladım. Əvvəl müəllim deyən adamın borca görə "pulumu çatdırın ə" deyənindən, Torqovuda qabağımı kəsib "sizin kafe bizə 300 manat borcludur" deyəninə qədər gördüm”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov “Instagram” hesabında yazıb.

“Bizim ən böyük səhvimiz əvvəllər kafe olmayan obyekti götürüb, kafe eləmək idi. Pulumuzun böyük hissəsi təmirə getdi. Təmir isə Dünyada heç vaxt bitməyən bir prossesdir. Bir ilimi aldı kafe. İki ildir keçib, amma hələ özümə gələ bilməmişəm. Amma başıma-gözümə döymürəm. Öz istəyim idi. Özü yıxılan ağlamaz.

Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin!", - aktyor qeyd edib.

O bildirib ki, kafenin fəaliyyət göstərdiyi qısa müddət ərzində xeyli miqdarda borcu yaranıb: "İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik.

Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı.

Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 manat! Vallah vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq "Fatality" idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO