Azər Atakişiyev:

Azər Atakişiyev: "Azərbaycanda varlı qız saatı 10 manata işləyən oğlanla evlənməz" - MÜSAHİBƏ/FOTO 

Hazırda oxunan: Azər Atakişiyev: "Azərbaycanda varlı qız saatı 10 manata işləyən oğlanla evlənməz" - MÜSAHİBƏ/FOTO 

203101

“The Best Model of Azerbaijan”ın qalibi, idmançı, model və aktyor Azər Atakişiyevin

Bizim.Media-ya müsahibəsini təqdim edirik: 

- Xoş gördük sizi, Azər bəy. Həm idmançı, həm model, həm də aktyor karyeranızda nə yeniliklər var? 

- 2024-cü il üçün planlarım çoxdur. Çox möhtəşəm bir layihəyə imza atmışam. Amma bu layihə haqqında təəssüflər olsun ki, sizə geniş informasiya  verə bilməyəcəyəm. Çünki imza atdığım sözügedən layihənin müqaviləsinə əsasən bu haqda mənə danışmağa icazə yoxdur. Ancaq onu deyə bilərəm ki, bu layihə filmdir. Tamaşaçılar məni orada çox maraqlı bir obrazda görəcəklər.

Həmin ekran əsəri Azərbaycanla bağlıdır və ölkəmizdə çəkiləcək. Bu, son zamanlar çəkilən filmlərdən səviyyə baxımından qat-qat üstündür. Həttar deyərdim ki, bu film son 30 il ərzində Azərbaycanda lentə alınan ekran əsərləri arasında ən piki olacaq. Hələki çəkilişləri başlamayıb. Böyük ehtimalla gələn aydan etibarən çəkilişlərə “start” veriləcək. Bir digər film də var, onun üzərində hazırda işlər gedir. 

- Bir neçə həftə əvvəl sosial şəbəkədə Dubaydan paylaşımlarınızı gördük. Səfəriniz istirahət yoxsa işlə əlaqədar idi? 

- Dubaya həm istirahətə getmişdim, həm də fotosessiya etdim. Qısaca deyim ki, bu reklam məqsədli idi. Dubayda istirahət zamanı  gələcək işlərimlə bağlı fikirləşməyə bol zamanım oldu. Daha bir neçə reklam çəkilişlərim var. Yaxın zamanda Türkiyəyə və Avropaya getməliyəm. Bu da çəkilişlərlə əlaqədardır. Türkiyədə aktyorluq fəaliyyətimi davam etdirirəm. Orada bir sıra önəmli, məşhur serial və film istehsalı ilə məşğul olan “prodakşn”larla çalışıram və onlarla iş birliyim var.  

- Sözügedən fotosessiyanıza nəzər saldıqda görərik ki, əyninizə şort geyinmisiniz. Oğlanların şort geyinməsi məsələsi Azərbaycanda bir çox cəmiyyət üzvləri tərəfindən xoş qarşılanmır. Onlar kişilərin şort geyinməsini milli mentalitetə zidd hesab edirlər. Bu haqda siz nə düşünürsünüz? 

- Niyə bizim kişilərə şort geyinmək olmaz ki? Başa düşmədim, beyəm bizim kişilərimizin buynuzu var? Şortun nə böyük qəbahəti ola bilər? Hər bir yerin geyim tərzi var. Təbii ki, elə yerlər var ki, ora şort geyinmək olmaz, məhz şalvarla getməlisən. Amma əgər sən harasa qəhvə içməyə gedirsənsə, niyə də şort geyinməyəsən... Şortun mentalitetə heç bir adiyyatı yoxdur. Milli dəyərlər, mentalitet, adət-ənənə tamamilə başqa məsələlərdir. Onları isə qoruyub saxlamaq bizim borcumuzdur. 

Mənim və gələcəkdə quracağım ailəm üçün də mentalitet və dəyərlər çox önəmli olacaq. Bu quracağım ailənin təməli olacaq. İstər o ailəni Azərbaycanda, istərsə də xaric də qurum. Gələcək həyat yoldaşım milliyyətindən asılı olamayaraq bizim milli mənəvi dəyərləri və mentaliteti mənimsəməli, bilməli və uymalıdır. Bu mənim üçün çox önəmli məsələdir. Ola bilər ki, mən övladlarım xaricdə dünyaya gələr amma onlar mütləq şəkildə ana dilimizi və azərbaycanlı olduqlarını bilməli, dərk etməlidirlər. Bu mənim üçün qırmızı xəttdir. 


- Qulağımıza xəbər çatıb ki, sizin illərlə qurduğunuz şəxsi biznesiniz iflasa uğrayıb. Azər həqiqətən də müflis olub?  

- Model, aktyor və idman karyeramdan başqa mənim də şəxsi işim, biznesim vardı. Bəli, “vardı”... Biznes sahəsində problemlər yaşadım. Doğru eşitmisiniz, tam da olmasa da amma müflis olmuşam. Qalxmağa çalışıram. Düşünürəm ki, əgər insan düşürsə, o özü güc tapıb bu vəziyyətdən çıxmalıdır. Özüm də qalxacağam... Bunun üçün müəyyən işlər görürəm. Mən nə istəyirəmsə, onu da həyatda nəyin bahasına olursa olsun, əldə edirəm. Biznesim Türkiyə və Almaniya arasındadır, bu isə inşaat sektorunda işlədilən xüsusi növ daşlar və qranit, mərmərin istehsalı ilə əlaqədardır. Çox güman ki, bu biznesi davam etdirməyəcəyəm. 

İxtisasca iqtisadiyyatçıyam, bilirsiniz ki, iqtisadiyyatın da təməli biznesdir. Rəqəmlərdə heç kim məni aldada bilməz. Düşünürəm ki, yaşlanana qədər mütləq şəkildə mənim şəxsi biznesim olacaq. Çünki sevmirəm kiminsə əlinin altında işləməyi və kimdənsə söz götürməyi. Bu əsla xasiyyətimə uyğun olan məsələ deyil. Azərbaycanda heç bir biznesim yoxdur. Azərbaycanda mən yalnız idmanla məşğul oluram və model kimi reklam çəkilişlərində iştirak edirəm. 

Məni hər reklamda görə bilmərsiniz. Çünki mən çox seçiciyəm. Bu kimisə alçaltmaq mənasına gəlmir. Sadəcə hər insanın bu həyatda cızdığı yol var. Çalışıram öz qoyduğum prioritetlərdən və qaydalardan kənara çıxmayım. Mən çox mükəmməlçiyəm. Çalışıram hər şeyin yaxşısını edim. İdman karyeramda da beləyəm. Misal üçün çempion olmaq istəyirdim və oldum, “Best Model of Azerbaijan” model müsabiqəsində birinci olmaq istəyirdim, oldum… Hər hansısa bir yarışmaya qatılmışamsa, mütləq şəkildə birinci olmuşam. 


- Bu həyatda özünüzü şanslı insan hesab edirsiniz?  

- Zamanında mənim üçün bir dəyərli xanım var idi. O mənə bir söz demişdi... Söylədi ki, Azər səni bir neçə vaxtdır ki, tanıyıram. Amma sən çox şanssız bir insansan. Nə əldə edirsənsə, çox böyük zəhmət və əziyyət bahasına başa gəlir. Cavab olaraq isə ona sadəcə gülümsəmişdim. Yola verib “Ok” dedim. Amma düşünmürəm ki, şanssızam. 

Əgər Allah mənə bu düşüncəni, bu əqidəni, gözəl ailəni nəsib edibsə, çox xoşbəxt və şanslıyam. Heç zaman özüm barədə çox böyük fikirdə olmamışam. Hansı müsabiqələrdə qalib gəlmişəmsə, bu pul və kiminsə hesabına deyil, öz zəhmətimin, əziyyətimin sayəsində olub.

Bunu isə məni tanıyan insanlar təsdiqləyə bilər. Bütün yarışmaları hər zaman haqqımla udmuşam. Heç zaman düşünməmişəm ki, yaraşıqlı və çox gəşəng oğlanam. Xeyr! Əslində mən çox şanslıyam. Sadəcə kimsə qayaya rahatlıqla dırmanır, amma mən qalxana qədər üç ədəd ayaqqabım yırtılır. Bu yaşıma qədər o asanlıqla alınan iş nədir, dadı necə olur, inan səmimiyyətimə, bilmirəm. Allah bir gün mənə də o asanlıqla alınan işin dadını nəsib edər. 


- Türkiyədə reytinqləri alt-üst edən “Savaşçı” serialına çəkildiniz. Maraqlıdır nə qədər qonorar aldınız?  

- Üç bölümdə rol aldım. Hər bölümə isə o zamanki türkiyənin lirə məzənnəsi ilə 1700 dollar qonorar aldım. Ümumilikdə isə 5100 dollar edir. İndiki manatla təxminən 8700 manat edir. 

- Heç kimə sirr deyil ki, bir sıra şou-biznes nümayəndələrinin çox sayda mülkləri və avtomobilləri var. Bəs Azərin nəyi var?  

- Onlar kimi mənim 10 dənə evim, avtomobilim yoxdur (gülür). Bir tək ailəmlə yaşadığım evim var. Hazırda heç maşınım da yoxdur. Köhnə maşınım var idi, amma onu satdım. Çünki yenisini almaq istəyirəm. Kim istəməz ki, onun çox sayda mülkləri olsun. Təbii ki, məndə istəyərəm. Çoxları bunu ona görə istəyir ki, kirayə verim, pul qazanım. Amma bu mənim üçün biznes deyil. Çünki bu biznes “ölü” sayılır. Sən əgər açdığın biznesdən minimum 5 faiz qazana bilmirsənsə, bu biznes sayılmır. Batmayan biznes isə 4 faizdir.  


- Son illər cəmiyyətimizdə boşanmaların sayı kəskin şəkildə artıb. Sizin fikrinizcə, yaşıdlarınız yəni gənclər evlənib sonra niyə boşanır? 

- Əslində burada çox nüanslar var. İlk növbədə gənclərin düzgün seçim etməməsidir. İkinci səbəb maddiyyatsızlıqdır, pulun azlığı… Gənclər ailənin nə olduğunu hələ də bilmirlər, dərk etmirlər. Onlar düşünürlər ki, bəyəndim, qəşəngdir, deməli evlənmək olar. Xanımlarımız arasında “ərə getmək” dəb halına çevrilib. Onlar, “Nə edim, təki ərə gedim” prinsipini güdürlər. Xanımlar ailə qurub ərləri ilə subay rəfiqələrinə acıq verirlər. Bunu isə bütün oğlanlar görür və sezir. 

Əvvəllər xanımlar “ana olmaq” üçün ailə qururdularsa, indi isə onlar öz gələcək həyatlarını zəmanətə almaq və ya kişini yanında saxlamaq üçün dünyaya övlad gətirirlər. Yəni o uşağı ana olmaq üçün deyil nəyinsə xatiri üçün dünyaya gətirirlər. Əvvəllər xanımlar evlənirdilər ki, ailəsi olsun, indi isə evlənirlər ki, “ərim olsun”. Ad olsun ki, bunun əri var. Bunlar əslində qulağa eyni şəkildə eşidilsə də, lakin aralarında çox incə xətt var və bu incə xəttin isə çox böyük mənası var. Təbii ki, məndə bir çox bəylər kimi xanımlarda bu məqamları dərhal sezə bilirəm. 

Bir qız, xanım özünü qorumalıdır. Əgər bir xanım bir kişiyə hər bir tərəfini açıq şəkildə göstərirsə, o artıq maraqsızdır. Bir yaşlı nənənin mənə verdiyi məsləhəti dilə gətirmək istəyirəm. O deyirdi ki, “Həm oğlan, həm də qız bir tərəfini elə gizli saxlamalıdır ki, gələcək həyat yoldaşı üçün maraqlı olsun. Onun gözündən düşməsin”. Orada nənə məhz həyat yoldaşını vurğulayır, sevgilini deyil. İndi bir çox qızlar, xanımlar kişilərlə üz-üzə gəlməmiş hər şeylərini məlum edirlər.

Bu isə heç də düzgün deyil.  


- Sizə xanımlardan əxlaqsız və intim xarakterli təkliflər gəlir?  

- Bunu heç kim pis başa düşməsin. Əlbətdə ki, olub və indi də olur. Kiminsə başı xarabdir, istəyir və bu kimi təkliflər yazıb mənə təklif edir. Belə bir hadisə ilə üzbəüz rastlaşmamışam. Sosial şəbəkədə bu cür təklif xanım tərəfindən yazılsa da təbii ki, girib ona cavab yazmaram.  

- Həyatınızda sevdiyiniz şəxs var? 

- Ciddi anlamında xeyr, yoxdur.  

- Yaş gedir... Valideyinləriniz “Oğul nə zaman evlənəcəksən? Nə vaxt səndən nəvə görəcəyik?” kimi suallar verirlər? 

- Valideyinlərimin onsuzda nəvələri var (gülür). Çünki bacım ailəlidir. Bacımın oğlan övladı var. Hazırda 33 yaşım var. Düşünürəm ki, yaxın zamanda ailə quracağam, çünki bunu çox istəyirəm. Amma yaxın dediyim zaman bu ili nəzərdə tutmuram. Bu qismətə bağlı məsələdir, Allahın işidir. Düşünürəm ki, 35 yaşıma qədər ailə quracağam. Mənə heç kim 33 yaş vermir. Ona görə düşünürəm ki, evlənməyə hələ biraz da zamanım var. 

- Model biznesi nə zaman Azərbaycanda inkişaf edəcək?   

- Məncə, heç vaxt! Bəlkə də Azərbaycanda hər 10-15 ildən bir kimsə çıxıb modellik sahəsində nəsə edər. Amma Avropada olduğu kimi Azərbaycanda model sahəsi heç vaxt inkişaf etməyəcək. Model olmaq üçün bir millətin genetikası çox vacibdir. Bəli, model üçün boy çox önəmlidir. Boydan əlavə üz quruluşunun yaraşıqlı, xarizmatik, cəlbedici və bədən quruluşunun fit və əzələli olması çox önəmlidir. 

Bizdə Milan, Paris defelələri üçün səhnəyə çıxacaq model yoxdur, olmayacaq da. Niyə? Çünki bizim millətin genetikası buna uyğun deyil. 10 nəfər hündür, bir milyonun boyu isə kiçikdir. Yəni boyca model standartına uyğun deyillər. Bizdə kişilər arasında standart boy 175, xanımlarda isə 165 santimetrdir. Amma kişilər üçün modelin minimum boyu 185 santimetr olmalıdır. Avropa isə bu boyla model olmaq mümkünsüzdür. Orada bir model agentliyinə daxil olmaq üçün boyun 187 santimetrdən yüksək olmalıdır. Ayağın əyri olmamalıdır, bədən quruluşun, çiyinlərinin düzgün olmalıdır. Milanda sənə 48 ölçüdə (midium) kostyum gətirirlər səndə onu əyninə geyinirsən. Əgər o kostyuma bir dənə qırış düşsə artıq zay sayılır. 


- Müğənni Elnar Xəlilov deyib ki, “Heç bir kişi silikonlu qadınla evlənməz”. Bu fikirlə razısınız? 

- O müğənnini tanımıram. Amma onun fikirləri ilə qismən razıyam. Arzu etməzdim... Amma qismət, sevgi başqa şeydir. Mənə görə bir xanımın əməliyyatı önəmli deyil. Təbii ki, xanım silikonlu olmasa daha gözəl olar. Mən təbii gözəllikdə olan xanımları bəyənirəm. Bu mənim şəxsi, subyektiv fikrimdir. Təbii ki, bir xanım xarici görünüşünə kiçik toxunuşlar edə bilər. 

Hesab edirəm ki, plastik əməliyyatlar və estetik prosedurlar xanımlar üçün nəzərdə tutulub. Xanımların baxımlı olmaq üçün bu kimi prosedurlar var. Mənim xanımım mütləq şəkildə baxımlı, təravətli olmalıdır. Amma silikonlu qızla evlənmək məsələsinə qaldıqda... Mənə görə bir xanımın xasiyyəti, intellektual səviyyəsi, əqidəsi, ləyaqəti, mənəviyyatı, namusu daha önəmlidir. Bir xanımda bu sadaladıqlarım varsa, görünüşcə xoşuma gəlirsə və üzündə müəyyən toxunuşlar edibsə, mənim üçün bu böyük problem deyil. Bu xanımı qəbul edərdim. Həyatımda bir sevdiyim xanım olub və böyük sevgi yaşamışam. O xanımında boyu çox kiçik idi. Heç kim düşünməzdi ki, kiçik boylu xanımla eşq yaşayıram və onu sevə bilərəm. Mənim boyum 192, sevdiyim qızın boyu isə 162 santimetr idi. Aramızda 32 santimetr boy fərqi vardı. Amma bundan diskomfort hiss yaşamırdım. Bu mənim üçün bir problem deyil idi.  

- Hansı xanımlar diqqətinizi çəkir?  

- Hər bir insanın beynində fotoşəkil, “fotorobot” var. Boyu kiçik ola bilər, amma mən “mulat” yəni qəhvəyi dəri rəngli xanımları sevirəm. Dəri rəngi açıq xanımlar diqqətimi çəkmir.  

- Kasıb bir xanımla ailə qurarsınız?  

- Bu anlamda heç bir problem yoxdur. Yəni mənim üçün fərq yoxdur o xanım kasıbdır yoxsa varlı. Bəli, mən kasıb bir qızla ailə quraram. Mən hər zaman özümü o təbəqədən hesab etmişəm. Mən maddi vəziyyəti yaxşı olan bir ailədə dünyaya gəlmişəm. Hər bir ailədə olduğu kimi bizim də maddi cəhətdən ağır zamanlarımız olub. Bunu danmıram. Azərbaycanda varlı bir qız saatı 10 manata “fast food” satılan məkanda işləyən bir oğlanla nəinki ailə qurmaz, heç onun tərəfə baxmaz. 

Bu Avropada ola bilər, amma Azərbaycanda heç vaxt. Bizim millətin qızları istənilən xarici ölkədə yaşasaylar belə, heç zaman kasıb oğlanla ailə qurmaz və onun tərəfə baxmaz. Amma düşünürəm ki, varlı oğlan saatı 10 manata “fast food” satılan yerdə çalışan xanımla evlənər və bunu özünə problem etməz. Amma bu qızlarımız üçün keçərli deyil. Avropada isə mində bir qız kasıb oğlanla ailə qurar amma bizdə əsla. Belə bir məqam da ola bilər ki, qız varlı ola bilər, amma onun hansısa ciddi problemi olar, ailəsi onu xilas etmək üçün məhz elə bir kasıb oğlanla evləndirər. Oğlan da nələrəsə göz yumar. Amma mən varlı bir qızın kasıb oğlanla evlənməsini nə eşitmişəm, nə də ki görmüşəm. Bəlkə də ola bilər, amma bu ehtimal heç bir faiz də deyil, daha aşağı rəqəmdir. 

- Boşanmış xanımla ailə qurarsınız? 

- Həyatda hər şey mümkündür. Amma bir xanımın ki, namusu, vicdanı, əxlaqı yerindədirsə, onunla ailə qurmağımda heç bir problem olmaz. Amma mən subayam və mənə daha çox subay qız uyğun olar. Mənə elə gəlir ki, boşanmış xanım boşanmış kişi ilə ailə qursa, daha məntiqli olar və münasibətləri tutar. Mənim ürəyimə ləkə düşdüsə o heç zaman silinmir və mən onu unuda bilmirəm. Bəlkə də bu bir xəstəlikdir, bilmirəm. Məndə unutqanlıq alınmır. Onu hər zaman beynimdə fikirləşirəm deyə, o məni narahat edəcək, bundan qarşı tərəf də narahat olacaq. Ona görə istəmərəm ki, boşanmış xanımla münasibət və ya ailə qurum. 

Şəffaf və qapalı insanam. Yeni tanışlıqları və dostluqları sevmirəm. Amma mənə görə gələcək həyat yoldaşım mənim təkcə həyat yoldaşım deyil, eyni zamanda yaxın dostum, ailəm, sirdaşım, əylənə biləcəyim, boş və ya dolu zamanımı onunla keçirə biləcəyəm insan olmalıdır.

Bizim bir-birimizdə gizlədəcəyimiz bir şeylərimiz olmamalıdır. Mənim üçün bir xanımın görünüşü çox önəmlidir. Xanımla öz aralarında danışanda deyirlər ki, “Kişi meymundan biraz yaraşıqlı olsa, kifayətdir”. Amma bu yalandır. Çünki heç bir xanım həyatında eybəcər kişi istəməz. Xanım istəyər ki, onun yanında yaraşıqlı, özünə baxan bir kişi olsun. 

Gənc qızlar oğlanlar haqda danışanda və ya nəyisə müzakirə edəndə ilk növbədə onun görünüşünə baxır. Amma bir yaş dövrünə çatır və görür ki, ərə gedə bilmir, deyir ki, “Əşşi kim olursa-olsun, təki ərə gedim”. Bu fikrə isə qızlar 25 yaşından sonra gəlirlər. 28 yaşına çatır deyir ki, həyat keçdi, getdi. 30 yaşında isə barmağını dişləyib deyir ki, “Kim olursa- olsun təki ərə gedim”. Hər şeyin vaxtında olması gözəldir.   


- Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edildi. Buna münasibətiniz necədir və gələcəkdə qohumunuzla ailə qurarsınızmı?  

- Buna qarşı deyiləm. Çox pis baxmıram. Hərənin bu mövzuda öz fikri var, özü bilər. Qohumlarım arasında bir tək dayı qızı bibi oğlu evlənib. Xalam qızı öz bibisi oğluna ərə gedib. Anam və atamın qohumları arasında qohum evliliyi, demək olar ki, yoxdur. Özüm də istəmərəm ki, hər hansısa bir qohumumun qızı ilə ailə qurum. Çünki artıq onsuz da qohumdur da. Buna ehtiyac yoxdur. Mənə elə gəlir ki, yeni qohumluq daha maraqlıdır.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO