İyulun 12-si Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub.
Bizim.Media xəbər verir ki, Yaşıl Teatrda keçirilən gecədə şou əhli, Xalq artistin ailə üzvləri, qazilər və "YAŞAT" Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər.
Gur işıqların arasında səhnəyə çıxıan Miri Yusif “Mən heç kiməm” mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb.
Xalq artisti həyat yoldaşı Nərgizə də eşqini elan edib. O bildirib ki, 15 il öncə xanımı ilə Yaşıl Teatrda həmkarı, Xalq artisti Röya Ayxanın konsertində rastlaşıb və ona vurulub. Miri Yusif ailə üzvlərinə, valideynlərinə və ruh əkizlərinə səslənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.
Qeyd edək ki, iyulun 13-14-ü də Yaşıl Teatrda Miri Yusif konserti baş tutacaq.
Rəşad Əliyev, Bizim.Media