"Tanınmış insanlar var ki, xəstələnib yatağa düşəndə evlərinə getmişəm, qoxudan burnumu tutub qalmışam. Adlarını heç vaxt çəkmərəm. Görmüşəm ki, çirkin içindədir. Dedim, axı bu insan sizin üçün nələr etdi, zülm çəkdi, hamınıza ev aldı. Siz də bu yazığa baxın da..."
Bizim.Media xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib.
Elgiz xəstəlik səbəbindən yatağa məhkum olan bəzi incəsənət nümayəndələrinin ailə üzvləri tərəfindən baxımsız, natəmiz şəraitdə saxlanılmasından şikayətlənib:
"Bir dəfə proqramımızın müxbiri Afət Rahilqızı gedib söhbətini etdiyim məşhurun evinə. Oradan bizə görüntülər gəlib və verilişin başlamasına da 2 dəqiqə qalıb.
Baxıram ki, çarpayıya sərilən döşək üzünün rəngini təyin etmək mümkün deyil. Rəhmətliyin dırnaqları uzun və çirkin içində. Ev nə gündə, şoka düşdüm. Bizim dostluq münasibətimiz var idi. Dedim ki, gəlin, bunu efirə verməyək. Biabırçılıqdır, göstərsək, ayıb olacaq. Rəhmətliyi aparıb kəfənləsinlər, ondan sonrakı görüntüləri nümayiş etdirək.
Ailə üzvləri, sənətkarlara baxın! Onların qayğısına qalın. Birinci siz onların dəyərini bilməlisiniz. Sonra isə özgələri".
Rəşad Əliyev, Bizim.Media