Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı müzakirə yaradacaq açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu haqda Xoşqədəm aparıcısı olduğu "Səni axtarıram" verilişində danışıb.
Hidayətqızı itkin düşən Orxanın dostunun yazdığı mesajı efirdə səsləndirib:
"Onunla çoxdan dostluq edirəm və ətrafındakı çox adamı tanıyıram. Orxanın yanındakı adamın adı İlqardır. Güman ki, Orxan özü yoxa çıxıb. Onlar pul nağdlaşdırma işi görürdülər. Orxan Türkiyəyə, oradan da Dubaya getməli idi. Çox ehtimal ki, böyük məbləğdə pulu nağdlaşdırdıqdan sonra yoxa çıxıb. Martda onun sosial şəbəkə hesabının profilində qara kostyumda şəkli var idi, sildi. Ona mesaj yazdım, amma oxuyub cavab vermədi".
X.Hidayətqızı Orxanın İstanbulda və Moskvada axtarışının aparıldığını da diqqətə çatdırıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl Orxan Nadirovun doğma anası Lalə xanım sözügedən proqrama pənah gətirib. O bildirib ki, övladı ötən ilin sentyabrından itkin düşüb və onunla uzun müddətdir ki, heç bir əlaqə qura bilməyib.