Gülşad Baxşıyeva: “”Torbamı tikib”, məni işdən çıxardılar” – VİDEO 

Gülşad Baxşıyeva: “”Torbamı tikib”, məni işdən çıxardılar” – VİDEO 

Hazırda oxunan: Gülşad Baxşıyeva: “”Torbamı tikib”, məni işdən çıxardılar” – VİDEO 

195462

“Bilmirdim ki, həyatımda sürprizlərlə qarşılaşacağam. Nə yaxşı ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qalıb orada işləməyə davam etdim. Universitetə gələndə orada bəzi insanlar mənə aqressiv davranış göstərirdilər. Mənə imkan verilmədi ki, fəaliyyətimi teatrda davam etdirim. Buna görə də “bunt” qaldırdım. Mən təbiətcə çılğın bir insanam. “Od” ünsürlü insanam. Bir anda hər şeyi yandırmağa və qırıb, kəsməyə qadir insanam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülşad Baxşıyeva “Həftənin qonağı” verilişində deyib. 

Sənətçi bildirib ki, çalışdığı bir sıra teatrlarda həmkarları onunla ədavət apardığı üçün dəfələrlə öz istəyi ilə işindən ayrılmalı olub: 

“İndi nəyəsə görə sənətə gələnlər çoxdur. O zamanlar isə biz sənəti və səhnəni sevmişik. Biz sadəcə rol oynamaq və cilddən cildə girmək istəmişik. Birdən bu şeyləri sənin əlindən alırlar. O yüksəkliyi Şəkidə çox çətinliklə əldə etmişik. Bakıya gəldim və mənə dedilər ki, orada oynamaq olmaz. Necə axı olmaz?! Nəyə görə olmaz? Səbəbi nədir? Həyat yoldaşım dedi ki, daha bəsdir.
Artıq 10 ildir ki, oynayırsan... Həyat yoldaşım rejissor olsa da, mənə dedi ki, teatrdan uzaqlaş və artıq heç bir rol oynama. Mən də ona dedim ki, 10 ildir ki, sən rejissorsan. Bəsdir rejissorluq etdin, çıx, get bir dükan aç, satıcı işlə. Ona söylədim ki, mən başqa teatra işləməyə gedirəm.

Bunu eşidəndə həyat yoldaşım dedi ki, gəl bizim teatrda işlə. Orada bir müddət işlədim. Bəzi hadisələr yaşandı, oradan da çıxdım. Getdim “AzDrama”da (Akademik Milli Dram Teatrı) işləməyə. Əvvəllər həyat yoldaşımın rejissorluq etdiyi teatrda anlamırdım ki, məni niyə “didirlər”, niyə qoymurlar ki, mən orada normal işləyim, rolları canlandırım? Orada da bir aktrisa ilə münaqişə yaşandı. Gördüm ki, oynadığım rol üçün paltar tikilmir. Məni “sokraşeniya”ya (ixtisar) saldılar. Anladım ki, bütün bunlar kiminsə diktəsi ilə oldu. Məni özlərinə rəqib görürdülər. Elə oldu ki, oradan ayrıldım və Gənc Tamaşaçılar Teatrına getdim. Orada rəhbərlik məni çox yaxşı qarşıladı.

Amma bunu truppa haqqında deməzdim (gülür). 3 il orada çalışdım. 3 il sonra bəzi söhbətlər başladı. Mən də sözümü onlara çox kobud formada dedim. Əlbəttə ki, o sözləri onlara deyəndən sonra məni orada saxlamadılar. Dediyim sözlərə görə peşman da deyiləm. Yay mövsümündə mənə dedilər ki, səninlə müqavilə bağlamırıq. Cavab verdim ki, canınız sağ olsun, amma xeyir tapmayacaqsınız”. 

Aktrisa teatrda başına gələn xoşagəlməz hadisələri həyat yoldaşı ilə əlaqələndirib: 

“Mənə iki-üç yerdən zərbələr oldu. Şəkidə rus pulu ilə 225 manat məvacib alırdım və SSSR-i Xalq artisti Hökümə Qurbanova da eyni maaşı alırdı. Birdən birə Şəkidən Bakıya gələndə teatrdan cəmi 40 manat maaş alırdım. Mənim isə iki uşağım vardı. Onlar məktəbə gedirdi, yeməyi-içməyi vardı. Hər dəfə mənə qarşı “torba tikiblər”.

Mənə heç kim dəstək durmurdu. Bu işlərin başında isə həyat yoldaşım Hüseynağa idi. Məni öz teatrından uzaqlaşdırdı. Bu, şəxsi məsələlər ilə əlaqədar idi. Onun başqa qadınla çıxıb, getməsi. Getməmişdi, artıq məsələ belə qurulmuşdu. Mənə bu söhbətlərin fonunda o kollektivdə qalıb, işləmək və səhnəyə çıxmaq yaraşmazdı”. 

Qeyd edək ki, Gülşad Baxşıyeva illər əvvəl Şəki teatrında baş rejissor çalışan böyük sənətkar Hüseynağa Atakişiyevlə ailə həyatı qurub. Cütlüyün Elbəy və Elmir adında 2 oğulları var. Onların ailə həyatı uzun sürməyib. Bir neçə ildən sonra aktrisa ərindən ayrılıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO