"Qızlarımız, oğlanlarımız boydan çox balacadırlar. "Cırtdanlaşma", "cırlaşma" gedir. Səbəb çox sadədir. Ən böyük səbəblərdən biri Azərbaycanda qohum evlilikləridir. Əmiqızını əmioğluyla, xalaqızını xalaoğluyla, bibiqızını dayıoğluyla evləndirmək, bunlar ən böyük səbəblərdən biridir. Çünki qohum evliliyində çox böyük fəsadlar yaranır".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.
Sənətçi gənclərə başqa millətlərin nümayəndələri ilə evlənməyi tövsiyə edib:
"Baxırsan, qızların, oğlanların burunları yekə, boyları çox balaca. Bu, "cırtdanlaşma" deməkdir. Deməli, geni dəyişmək lazımdır. Digər millətlərin nümayəndələri ilə evlənmək lazımdır. Nə vaxta qədər, məsələn, Lətafətlə Əflatun evlənəcək? Azərbaycanda da olan ləzgi, ukraynalı, digər xalqın nümayəndələri ilə evlənmək lazımdır ki, uşaqlar metis olsun. Metis uşaqlar yaraşıqlı, istedadlı olur. Bu, reallıqdır, bununla barışmalıyıq. Uşaqların gözəl, boylu-buxunlu, savadlı olmağı üçün mütləq genetika dəyişməlidir. Digər millətlərin nümayəndələri ilə evlənmək lazımdır. Əmiqızıyla əmioğlunu, xalaqızıyla xalaoğlunu evləndirmək, ata-ananın məcburiyyəti, istəyinə son qoymaq lazımdır. Görürəm, qızlar, oğlanlar 1.50-1.55 boyunda, arıq, cılız, burunlar böyük. Tanıdığım qızların 70 faizi burunlarını əməliyyat etdirirlər. Bu, onun fəsadlarıdır".
Rəşad Əliyev, Bizim.Media