Bir ildən artıqdır ki, küsülü olan müğənnilər Niyam Salami və Aynur Dadaşova barışıblar.
Bizim.Media xəbər verir ki, tərəflərin barışıqları "Günaylı gün" verilişində baş tutub.
Aynurun proqramda qonaq olduğunu bilən Niyam canlı efirə telefon vasitəsi ilə qoşulub. Salaminin bu zəngindən isə Dadaşova təəccübünü gizlədə bilməyib.
Niyam Aynurla barışığın bir müddət əvvəl baş tutduğunu bildirib:
"Qadın və ana bizim başımızın tacıdır. Bu yaxınlarda Aynur xanımın anası ilə danışdığım üçün ürəyim dözmədi və mən telefonda kövrəldim. Aynurun da anası kövrəldi. Baş verən hadisələrdən danışdıq. Mən "ana" sözünün qarşısında baş əyirəm və hər zaman əriyirəm. Özüm Aynura zəng etdim. "Alo" deyəndə Aynur kövrəldi. Ona söylədim ki, aramızdaki "olub-keçənlərdən" danışma.
Əgər gələcəyi fikirləşiriksə, köhnədə yaşananlar haqqında danışmamalıyıq və fikirləşməməliyik. Küsülü qala bilməzdim. Küsülülüyü uzun müddət gəzdirə bilməzdim. Bir-birimizi tam şəkildə tanımaq üçün aramızda uzun müddətlik küsülülük olmalı idi".
Dadaşova isə Salaminin bu sözlərinə belə cavab verib:
"Dövlət tədbirlərinin birinə dəvətli idik. Kulis arxasında əyləşmişdik. Niyam guya mənə baxmaq istəmir, amma bunu gizli-gizli edirdi. Mən də altdan-altdan Niyama baxırdım. Evin içində ana-bala da küsülü olur. Deyirlər ki, “çəkişməsən bərkişməzsən”. Bunu hər zaman demişəm, indi də deyirəm: Niyamın nə varsa dilində var. O əsəbiləşir, sözünü deyir. Onun çox böyük və təmiz ürəyi var. Aparıcılarımızın əksəriyyəti ona mənim haqqımda suallar verirdilər ki, Niyam danışsın və qalmaqal olsun. Mən Niyamla barışmışam və artıq biz küsülü deyilik".
Niyam isə tezliklə Aynurla duet şəklində yeni mahnı oxuyacağını və yenidən birlikdə efirə çıxacağını söyləyib.
Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub.
Rəşad Əliyev, Bizim.Media