“İndi deyəcəklərim bəlkə də qalmaqallı çıxacaq. Düşünürəm ki, İlhamə Quliyevanın vaxtında şou-biznesdə qalmaqallar daha çox idi. Çünki İlhamə xanım öz çevrəsini yəni müğənnilərdən ibarət komandasını toplayıb deyirdi ki, sən filankəs müğənni efirə çıxıb həmkarına söz atacaqsan”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi bildirib ki, heç zaman mərhum Xalq artisti İlhamə Quliyevanın komandasında olmayıb:
“Mən İlhamə Quliyevanın o komandasında yox idim. İlhamə xanım komandasında olan müğənnilərə müyyən göstərişlər verirdi. Sanki şou-biznesin qalmaqal nöqtəsində bu komandalar idi. Amma bu gün qalmaqallarla bağlı şou-biznesdə bir durğunluq və sakitçilik var. Bəlkə də bu müğənnilər arasında sağlam, bəlkə də sağlam olmayan bir rəqabətdir. Hər kəs öz işinə baxır. Amma şou-biznesdə “küləklər sərt əsir”... Kulisdə isə rəqabət sözsüz ki, var”.
Ayan vurğulayıb ki, İlhamə Quliyeva ilə arasında sərhəd qoyub:
“Mən hər zaman İlhamə Quliyevaya hörmət bəsləmişəm. Ona görə də, onunla çərçivə və sərhəd saxlamışam. Bu səbəbdən də heç kimin ixtiyarı çata bilməzdi ki, mənə səhnədə və bu sənətdə hansısa bir qadağalar qoysun. Çünki məni bu sənətə İlhamə Quliyeva gətirməyib”.
Rəşad Əliyev, Bizim.Media