“Mənə söz deyən olmasa, hər zaman sakitəm. Bəzən böyüklər susanda, kiçiklər məcbur olur, danışmağa başlayır. İstəməzdim ki, sənətdə böyüklər ola-ola mən danışım”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Sənətçi insanların tərbiyəsini pozan mahnıları və onların ifaçılarını sərt şəkildə tənqid edib:
“Adım, statusum olsa da, böyüklərin yanında hər zaman kiçiyəm. Amma görürəm ki, danışmırlar. İstər xanəndələr, istərsə də xalq mahnıları oxuyan ifaçılarımız olsun, onlar danışmayanda insanda qıcıq yaranır. Bəstəkarları tanımayan müğənnilər gəlib danışırlar.
Oxuyun, bir şey demirik. Səidə Sultan haqlıdır. Müəyyən mahnılar var ki, çox bərbaddır. Sözlər tərbiyəni korlamağı təbliğ edir. Ona haqq qazandırıram. Böyüklər bunu dinləmirlər. İnsana bilirsiniz nə təsir edir? İllərlə təhsil alırsan, özünü sənətə həsr edirsən, amma onlar çıxıb sənətdən danışırlar”, - deyə, Nigar vurğulayıb.
Qeyd edək ki, müğənni Səidə Sultan bir müddət əvvəl qonaq olduğu “ İncə səhər” verilişində “İndi bizim musiqi mədəniyyətimiz yoxdur. Səbəb odur ki, Azərbaycanda elita yoxdur. Buna görə də musiqimiz bu vəziyyətdədir. İndi “kafeşnik” (bayağı nəzərdə tutur – red.) musiqilər və müğənnilər var. Həmin musiqilər efirdədir. Elə mahnıları təbliğ edən cavan qız müğənnilərdir.
Hamısının da özünəməxsus şirin səsləri var. Sadəcə olaraq zövqlü deyillər. Başa düşürəm ki, onlar toy itirməmək üçün belə mahnılar oxuyurlar. O “dınqılı” dəbdə olan qızlar bu mahnıları ifa edirlər” kimi qalmaqallı fikirlər səsləndirib.
Rəşad Əliyev, Bizim.Media