Xəbər verdiyimiz kimi, bu gün müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə 4 ildən artıq uzanan məhkəmə çəkişməsi ilə bağlı mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, sənətçi "Yetim Elçin" ləqəbi ilə tanınan iş adamı Elçin Nəcəfovla olan münasibətlərindən ilk dəfə söz açıb.
"Həmin şəxsi (Elçin Nəcəfov - red.) şou-biznesin 99 faizi tanıyır. Ən gözəl və seçmə nəqliyyat vasitələri hər zaman həmin insanın Azərbaycandakı avtomobil satışı salonunda olub. Məşhurlardan kimsə yeni avtomobil alanda hər zaman ona müraciət edib. Amma mən avtomobilimi onun salonundan almamışam.
Mən o insanı da və onun ətrafında olan insanları da tanıyıram. Bu günə kimi onlarla "salam-sağolumuz" var. Münasibətlərimiz var...
Mən Elçin bəyin dəfələrlə keçirdiyi məclislərdə olmuşam. Bir sıra vəzifəli insanların ailə məclislərində çıxış edirəm. Belə çıxır ki, onda mənim həmin vəzifəli şəxslərlə münasibətim olub?! Düşünürəm ki, bu mövzuda zəiflik oldu. Həm onun, həm keçmiş xanımı Turanə Nəcəfova tərəfdən.
Onun psixoloji problemi var. Hətta eşitmişəm ki, bununla bağlı bir sənəd də imzalayıb. Məhz bu səbəbdən qız övladı onu istəmir. Onların iki qız övladları var. Onların da gələcəyi var. Düşünürəm ki, kaş bu şeylər olmazdı", - deyə Aysel vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” ictimai-sosial verilişinin efirinə çıxaraq, Aysəl Əlizadəni keçmiş əri iş adamı Elçin Nəcəfovla münasibətdə ittiham edib.
Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.
Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 4 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2000 manat təzminat ödəməlidir.
Rəşad Əliyev, Bizim.Media