Kamran Həsənli: “Elgiz kimi verilişlərimdə “arvad söhbətləri” etməmişəm” – ÖZƏL 

Kamran Həsənli: “Elgiz kimi verilişlərimdə “arvad söhbətləri” etməmişəm” – ÖZƏL 

Hazırda oxunan: Kamran Həsənli: “Elgiz kimi verilişlərimdə “arvad söhbətləri” etməmişəm” – ÖZƏL 

169596

“Hazırladığım bütün layihələrim baxımlı, reytinqli olub. Hər zamanda verilişlərimdə “Turançılıq”, “Türkçülük” təbliğ olunub. Hətta verilişlərimin sonunda “Tanrı sizi qorusun” demişəm. “Sizin saat” verilişində qonaqlarım incəsənət nümayəndələrindən savayı ölkəmizin adını və bayrağını ucaldan idmançılarımız, çempionlar olub. Onları biz efirdə təbliğatını aparmışıq. İndi televiziyaları zəbt edən aparıcılar məcbur edirlər ki, bunları danışaraq özümü reklam edim. “Musiqili meydan” verilişinin isə onlarla ulduzun populyarlaşmasında böyük rolu olub”. 

Bu sözləri aparıcı Kamran Həsənli Bizim.Media-ya açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Elgiz Kamrana sataşdı: “Televiziya tarixinə hansı verilişi gətirmisən?" - VİDEO


Bu gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində söylədiyi “Sən başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə... Bu layiqli bir işdir? Sən bəs nə etmisən?

Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək” sözlərinə Kamran belə reaksiya verib: 

“Əleyhimə danışan aparıcıların apardıqları verilişlərin əksəriyyəti “Sizin saat” layihəsinin “prototipi”, oxşarı, təkrarıdır. “Studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi” formatını Azərbaycan televiziyasına mən gətirmişəm. Bu formatın isə “talk show”nu mən gətirmişəm efirə. Adı da “Sizin saat” olub. 

Necə baxılması və reytinq verməsi də göz qabağında olub. 

Tamaşaçılar qapının ağzında saatlarla gözləyirdilər ki, studiyaya girsinlər. Biz tamaşaçılara pul vermirdik ki, gəlib bizim verilişdə iştirak etsinlər. Onlar pul verirdilər ki, studiyaya içəri keçib, proqramımızda iştirak etsinlər. Bu format dəyişilməlidir. Mən olsaydım, televiziyada bu formatı ləvğ edərdim. 

23 il əvvəl ilk canlı efir də mənim təqdimatımda “Space” televiziyasında olub. Bu format isə məcburiyyətdən olub. Çünki studiyamız belə yox idi. Bizə kiçik bir otaq verilmişdi və biz oranı studiyaya çevirmişdik. Amma orada etdiyimiz “Sizin saat” proqramının reytinqi indikilərdən qat-qat artıq idi. İlk mövzumuz isə sənətçilərin açıq-saçıq geyimləri idi. Müzakirəni isə dini xadimlə, Xalq artisti Brilliant Dadaşova ilə aparmışdıq. Biz belə başlamışdıq verilişlərimizə...” 

Kamran Həsənli bildirib ki, hazırda telekanallarda yayımlanan verilişlərin əksəriyyəti onun 23 il əvvəl televiziyaya gətirdiyi “Sizin saat” layihəsinin təkrarıdır: 

“Özlərini aparıcı sayanların apardığı verilişlər “Sizin saat”ın təkrarıdır. 23 ildir ki, bu formatı dəyişə bilməyiblər. Kənardan gələn xarici layihələri təkrarlaya bilirlər, amma Kamran Həsənlinin ideyası olan “studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi” formatını dəyişə bilmirlər. Onlar o formatdan çıxsınlar, sonra mənim haqqımda və arxamca danışarlar”.  

Həsənlinin Elgiz Əkbərin “İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan. Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki?” fikirlərinə münasibəti isə belə olub: 

“Mən ondan (Elgiz Əkbəri nəzərdə tutur – red.) fərqli olaraq ər və qadının arasına girib onları dalaşdırmamışam. O ki, qaldı müğənniləri dalaşdırmağıma... Onları sənət üstündə toqquşdurmuşam. Onları sağlam rəqabətə dəvət etmişəm. Əyalətdən də gələ bilərdi, Bakıdan da. Siz niyə uzağa gedirsiniz ki, müğənni Tünzalə Ağayeva “Musiqili meydan” verilişinə əyalətdən, Tovuz rayonundan gəlib. Amma indi o gözəl müğənni və “Xalq artisti” fəxri adını daşıyır. 

Abbas Bağırov isə Gəncədən gəlib. Onlar hamısı ortalığa “Musiqi meydan” proqramı vasitəsi ilə çıxıblar. Onun əyalətə bu qədər nifrəti var? Əyalət bizim canımız, qanımızdır. Belə söhbətlər etmək heç düzgün deyil. Amma ər və arvadı efirə çağırıb, “bibi, qayınana nə etdi?” kimi arvad söhbətləri etmirdim və belə mövzuları təbliğ etmirdim”. 

Kamran telekanallarda yayımlanan ictimai-sosial proqramlarının fəaliyyətini və aparıcılarını sərt şəkildə tənqid edib: 

“Onları nəzarət etmək üçün televiziyalarda heç bir quruma və ya “Bədii şura”ya ehtiyac yoxdur. Mən televiziyalarda senzuranın əleyhinəyəm. Azərbaycanda televiziya formatı yoxdur. Bunlar küçədən gələn qeybətcil, “arvad söhbəti” edən insanlardır. Təsadüfən çıxıblar efirlərə və bu efirləri alıblar əllərinə. Bu format yerli-dibli silinməli və yeni televiziya konsepti yaradılmalıdır. 

Televiziya rəhbərinin mütləq şəkildə milliyətçi düşüncəsi olmalıdır. Tarixi biliyi, siyasi düşüncəsi, musiqi bilicisi olmalıdır, dövləti və dövlətçiliyi sevməlidir ki, bu millətin adına layiqli verilişlər və layihələr yaratsın. İstəyir şou, musiqi, xəbər və əyləncə olsun... Əsas odur ki, tamaşaçı bu verilişlərə baxanda ürəyi bulanmasın. Orada millətimizin adına ləkə və rəzillik gətirəcək məqamlar olmasın. Çünki bizə bütün dünya baxır”. 

K.Həsənli bildirib ki, hazırladığı verilişlər hər zaman uğurlu və reytinqli olub. 

“Bir verilişə saat yarım içində bir milyondan çox sms gəlib. Bu televiziyanın rekordudur. Siz indi oturub nədən danışırsınız? Bir milyon yarım manat pul edir. Onlar məni məcbur edirlər ki, özümdən danışım. 

Mən onlara öz çıxışımla göstərdim ki, əsl reytinq nədir. Bütün ölkə həmin verilişə, mənim çıxışıma baxdı. Mən haqqımda xoş olmayan sözlər danışan aparıcılara öz çıxışımla “master class” keçdim. Bütün televiziyalar mənə qarşı böyük “divar” yaradıblar. Çünki mən efirə gəlsəm, bütün format dəyişiləcək. 

Bu gün reytinq sosial şəbəkədədir. 

Sosial şəbəkələrdə isə insanlar televiziyaları söyür. Onların isə üzləri bu söyüşlərlə o qədər bərkiyib ki, deyirlər, “qoy söysünlər, onsuz da hamısı bizim verilişləri izləyir”. Bunlar anlamırlar, reytinq sevgi ilə baxışın birləşməsidir. Sizin hörmətiniz yoxdur və sizə hörmət etmirlər, sevmirlər deyə, onlar sizə olan fikirlərini sosial şəbəkədə yazırlar. Bu əsl reytinqdir”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO