Xalq artisti və iş adamı Emin Ağalarov əfsanəvi dünya ulduzu Elvis Preslinin yaradıcılığından ilhamlanan yeni "Now or never" (İndi və ya heç vaxt) adlı albomunun təqdimat anonsunu verib.
Bizim.Media xəbər verir ki, 16 Qremmi mükafatçısı Devid Fosterin prodüserliyi ilə hazırlanan albom 12 yenidən işlənmiş klassik kompozisiyadan ibarət olacaq.
Alboma Eminin dünyaca məşhur pop müğənnilər Nikol Şerzinger, Katarina Makfi və Engelbert Humperdink ilə oxuduğu 3 duet də daxil olunacaq. Albom 9 fevral 2024-cü ildə dinləyicilərin ixtiyarına veriləcək.
“Musiqi karyerama Elvisi dinləmək və onun kimi musiqi ərsə gətirməyi öyrənməklə başladım. Bu albom mənim gerçəkləşən ən əziz arzumdur. 10 il əvvəl David Fosterlə tanış oldum və bu görüş mənim fikirlərimi çox dəyişdi. Sankt-Peterburqun Saray Meydanındakı birgə konsertimizdən sonra və orada da Elvis Preslinin bir neçə mahnısını ifa etdikdən sonra əməkdaşlığımızı davam etdirməyin gözəl olacağını düşündüm. Və bütün bu illərdən sonra biz Elvisin bir neçə möhtəşəm mahnısını seçərək bu heyrətamiz albomu yaratdıq. Davidin toxunduğu hər şey qiymətsiz və daha yaxşı olur. Bu albomda da belədir – bütün musiqi karyeramda etdiyim ən yaxşı işdir”, - deyə E.Ağalarov albom haqqında fikirlərini dilə gətirib.
Bu gün işıq üzü görən "Blue Christmas", "Now or never" mahnıları albomun ilk rəsmi sinqlıdır.
“Bəzən bir musiqiçi peyda olur ki, yenidən səni onun sənətinə aşiq edir. Emin tam olaraq belədir. O, bütün gözəlliyini və ruhunu bu 12 əfsanəvi mahnıya qoyan heyrətamiz bir sənətçidir.
Albom sürprizlər və xatirələrlə doludur - hamısı Eminin yaradıcılığının ən yaxşı ənənələrindəndir. Mən əldə etdiyimiz zirvələrlə fəxr edirəm və dünyanın bu albomu eşitməsini səbirsizliklə gözləyirəm” - deyə David Foster vurğulayıb.
Xalq artisti xatırlayır ki, gəncliyində anası ona ilk kasetini - Elvis Presli albomunu hədiyyə edib və musiqiyə olan həvəsini burada kəşf edib.
"Rok-n-roll" kralının işi gələcək sənətkarı musiqi yazmağa, gitara və piano çalmağı öyrənməyə ruhlandırıb. Ailəsi və dostları üçün ekspromt konsertlər təşkil edib. İndi isə 30 ildən sonra Emin bütün dünyada qastrol səfərlərinə başlayıb.
Sənətçinin yaradıcılıq fəaliyyətinə 17 albom, onlarla beynəlxalq mükafatlar və dünya üzrə minlərlə konsertlər daxildir.
Rəşad Əliyev, Bizim.Media