“Söz yarası heç zaman sağalmır. Təsəvvür edin, oturmusan evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu niyə görə belədir?”
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Qum saatı” verilişində deyib.
Sənətçi bildirib ki, müğənni olub, gözəl mahnılar səsləndirdiyi halda özü haqda xoş olmayan ifadələr eşidir:
“Bir insan var deyir ki, “bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar”. Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Və ya siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Mən axı nə etmiş ola bilərəm ki, haqqımda “bu niyə ölmür?” yazsınlar”.
Rəşad Əliyev, Bizim.Media