“Pərviz idman sahəsində və Milli Konsertvatoriyada müəllim kimi fəaliyyət göstərir. Bu günlərdə hamı evdə oturub, istirahət edəndə Şəmkirə toya getmişdim. Yəni dayanmadan çalışıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Pərviz Qasımov qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə haqqında yazılan “Keşmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir deyə qabağa gedir” kimi məsələlərə aydınlıq gətirib:
“Haqqımda sosial şəbəkələrdə artıq-əskik şeylər yazırlar. Yazırlar ki, Pərviz Qasımov ora-bura pul xərcləyir. Heç bir biznesim də yoxdur. Belə şayiələri sosial şəbəkələr yayır. Xoşuma gəlməyən başlıqlar yazırlar. Efir vasitəsi ilə xahiş edirəm ki, haqqımda belə sözlər yazmasınlar. Yazırlar ki, “Pərviz sabiq Baş nazir Novruz Məmmədovun kürəkəni idman yarışında yer tutdu”.
Bu mövzunun digərinə nə aidiyyatı, dəxlisi var? Mən ailə qurmamışdan əvvəl də idman sahəsində müxtəlif yerlərə layiq görülmüşəm. Ona görə hər zaman deyirəm ki, çalışın, siyasəti musiqiyə qatmayın. Novruz Məmmədov gözəl insan, Azərbaycanın dövlət xadimidir.
Amma bəzi məsələləri bir-birinə qarışdırırlar. Mən indiyə kimi istər sənətimdə, istərsə də idman sahəsində nə etmişəmsə öz gücümə etmişəm, qayınatamın heç bir rolu yoxdur. Qayınatamla mənim sahəm tamamilə başqadır. Mən Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olanda və Özbəkistanda 75 ölkə arasında muğam yarışmasında birincilik qazananda ailəli deyildim”.
Rəşad Əliyev, Bizim.Media