“Bacımın qatilinin anasını mənə “Sizin xalanızdır” deyə, söyləməyin. O, xala deyil, başda duran qatildir. Hazırda bacımın öldürülməsi ilə əlaqədar istintaq prosesi gedir”.
Bizim.Media xəbər verir ki, bu sözləri həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Şəlalə mərhum bacısı və onun həyat yoldaşının Anar Həşimovun münasibətlərindən söz açıb:
“Biz qohum olmuşuq. Yəni o (bacısı Yaqutun həyat yoldaşı – red.) bizə yad olmayıb. Onların ailə qurmasına nə atam, nə anam, nə də ki, mən razı olmuşuq. Qismət belə gətirdi. Biz istəmirdik ki, onlar ailə qursun. Bu sadəcə Yaqutun seçimi oldu. Yaqutda səhvlər oldu. O qədər qapalı idi ki, heç zaman heçnə danışmırdı. Hər bir sözünü də ürəyində o dünyaya apardı. Onun həyat yoldaşı qatildir. O, bir mələk üzlü qızın həyatını puç etdi, uşağı anasız qaldı. Düzdür, onun oğlu mənim oğlumdur”.
Müğənnin bacısı bildirib ki, Yaqut dünyasını dəyişməsindən əvvəl sanki öləcəyini bilirmiş kimi, söhbətlər edirmiş:
“Son zamanlar bacım çox gözəlləşmişdi. Bacımı “Günəşli” ərazisində yerləşən məzarlıqda dəfn etdim. Onunla o yolu keçəndə bacım deyirdi ki, “Adamın burada bir evi ola”. Cavab verdim ki, “Yaqut, sən nə danışırsan?” Günlərin bir günü evdə anam mən və bacım oturmuşduq. Yaqut söylədi ki, birdən mənə bir şey olsa, bilirəm ki, oğlum Murada məndən də yaxşı baxacaqsan.
Dedim ki, bəsdir, bu nədir axı, iki gündür mənə belə sözlər deyirsən. Sonra anama yolda olanda zəng vurub deyib ki, başımdan əməliyyat olunmuşam, birdən əgər mənə nəsə olsa, filan yerdə filan şeylərim var. Sanki bacıma bir neçə həftə əvvəl agah olmuşdu ki, o, dünyasını dəyişəcək. Allah ürəyimə su səpsin, onun oğlunu böyüdə bilim. Qatil cəzasını almalıdır”.
Şəlalə bacısının ərinə ömürlük həbs cəzasının verilməsini istəyib:
“Deyirlər ki, bacımın qatili heç siqaret belə çəkməyib və sakit insan olub. Amma telefonumda, hətta qardaşına da xəbərdarlıq etmişəm ki, onun qardaşının pis vərdişləri var. Hamısını da saxlamışam. O, qanun qarşısında cavab verəcək. İstəyirəm ki, bacımın qatilinə ömürlük həbs versinlər. Ömürlük getsin, cəzasını alsın”.
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Rəşad Əliyev, Bizim.Media