"Bizdə səhnədə olan tanınmış Xalq artistləri, müğənnilər var ki, yalnız pul qazanmaqla məşğuldurlar. Toylar, tədbirlər, konsertlər bunları başa düşürəm. Amma belə forumlarda sizin iştirak etməməyiniz, fikir bildirməməyiniz, heç xoşagələn hal deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.
Sənətçi Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda iştirak etməyən həmkarlarını tənqid edib:
"Düşünürəm ki, biz müğənnilər toplaşıb təklif hazırlamalıyıq. Mədəniyyət Nazirliyinə təkliflərimizi irəli sürməliyik. Bizim gözləntimiz nədir, nəyin olmasını və ya olmamasını istəyirik. Bütün bunları etmək lazımdır. İşimiz yalnız çıxıb mahnı oxumaqdan ibarət deyil axı..."
Qeyd edək ki, Nura Suri sözügedən tədbirin ilk günündə "Musiqimizi təbliğ ediriksə, onu müasirləşdirmək üçün "Qızıl Fond"u digital platformalara köçürməliyik. Və təbliğatını sosial şəbəkələr və digital platformalar vasitəsilə etməliyik" təklifi ilə çıxış edib. Lakin onun bu təklifi moderator, bəstəkar Türkər Qasımzadə tərəfindən etirazla qarşılanıb. O bildirib ki, Nuranın irəli sürdüyü bu təklif başqa tədbirin mövzusudur.
Rəşad Əliyev, Bizim.Media