Xəbər verdiyimiz kimi, bu gün Audiovizual Şuranın onlayn formatda keçirilən iclası zamanı “Space” telekanalına xəbərdarlıq ünvanlanıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 4-də sözügedən kanalın efirində yayımlanan “Yaxşıya doğru” ictimai-sosial verilişinin aparıcısı İlham Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib.
MÖVZU İLƏ BAĞLI:
“Space TV”yə xəbərdarlıq edildi
“Hazırda həbs olunan şəxsi ekranda göstəririk. Bu şəxs 1987-ci il təvəllüdlü Zaur Hacıyev uşaqları zəhərləyən, onlara narkotik allüdəçiliyi edib, uçuruma aparandır. Belə insanlara ağır cinayət və cəza verilməlidir. Araşdırma zamanı o da məlum olub ki, bu şəxs həm narkotik allüdəçisidir, həm də ki narkotik alveri ilə məşğul olur. Özü də bədbəxtdir, cinayyətkardır. Övladlarımızı buna meylləndirir. Artıq bu şəxsə cinayət işı açılıb”, - deyə İ.Mirzəyev vurğulayıb.
Qeyd edək ki, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Audiovizual Şura müzakirələrdən sonra “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Rəşad Əliyev, Bizim.Media