“Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında dünyasını dəyişdi. Anamın vəfatından sonra iki ay dərin stress yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadında qalmır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev “Nanəli” verilişinə müsahibəsində deyib.
Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:
“Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra onu xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O ay parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stressdən çıxardı. O uşaq sanki dünyamı dəyişdi”.
Lakin Z.Əliyevin övlad sevinci çox çəkməyib. Belə ki, yeddi ayında ağır şəkildə xəstələnən müğənninin qızı Nərgiz dünyasını dəyişir.
“Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki övladım cəmi yeddi ay yaşadı. Adını Nərgiz qoymuşduq. O hissi yaşamışam... Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi. Soyuqladı və bronxları tutuldu.
Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, yaşlı olmasından aslı olmayaq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Mən bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stressləri mən yaşamalı idim”, - deyə Zakir vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media