Dilarə Əliyeva: “Oqtayla həmin gün bağa getməli deyildik” - VİDEO

Dilarə Əliyeva: “Oqtayla həmin gün bağa getməli deyildik” - VİDEO

Hazırda oxunan: Dilarə Əliyeva: “Oqtayla həmin gün bağa getməli deyildik” - VİDEO

142208

“Biz həmin gün bağa getməli deyildik. Heç mən də getmək istəmirdim. Çünki ora bir gün əvvəl getmişdik. Qəşəng tonqal qalayıb, Novruz bayramını da qeyd etdik. Həmin gün Oqtayın işi çox idi və özü də yorğun idi. Ora getməməli idik. O, çox israrla bağa getmək istəyirdi. Nə yaxşı ki, onunla mən də getdim. Əgər Oqtay bağa mənsiz getsəydi və başına belə bir hadisə gəlsəydi, özümü heç zaman bağışlamazdım. Deyərdim ki, bəlkə o hadisə yerində olsaydım, nəsə edə bilərdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “YouTube”da yayımlanan “AStar” layihəsinə müsahibəsində deyib.

Dəhşətli qəzada həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi, “Soy production”un rəhbəri Oqtay Əliyevi itirən sənətçi həmin hadisəni danışaraq, göz yaşlarına qərq olub:

“Bağa gedəndə hər şey yaxşı idi. Mənə “Yenə gedək” dedi. Mən də onun uşaq kimi sevinməyini bilirəm axı. Dəyişməyə cəhd göstərmədim. Çünki Oqtayı dəyişmək qeyri-mümkün idi. Ən yaxşı halda münasibətini dəyişə bilərsən. Mən də onun ürəyincə olsun deyə, bağa getməyə razılığımı verdim. Getdik... Həmin an mən arxada idim, Oqtay isə sükan arxasında. Mehriban Zəkini isə Oqtay birinci götürmüşdü. Zəng elədim Mehribana dedim ki, bağa gedəcəyik, istəyirsən bizlə gedək. O isə cavabında evdə və boş olduğunu söylədi. Mehribanın arxasınca gedib. Avtomobili saxlayıb, Mehribana deyib ki, qabaqda əyləş, bir də fırlanma. O isə “Bura Dilarənin yeridir” deyib. Oqtay isə “Nə fərqi var. Əyləş” deyib.

Beləcə Mehriban qabaqda əyləşib. Mənim arxamca gələndə isə gördüm ki, Mehriban qabaqda oturub, keçdim arxaya. Yolda dedik-güldük, zarafatlar etdik. Oqtay çox gözəl avtomobil idarə edirdi. Yolda üç-dörd dəqiqə Oqtayla danışmadıq. Hər şey yolunda idi. Birdən gördük ki, avtomobil sürətləndi. Avtomobilin sürətlənməyindən biz qışqırdıq.
Mehriban bir yana, mən isə bir yana başladıq Oqtayı çağırıb, qışqırmağa. Maşın yoldan çıxdı və aşdı. Yəni maşının sürətlənməsi, bizim qışqırmağımız, hadisəni dəyərləndirməklə dərk etmək arasında zaman olmadı və dərhal avtomobil bardürə dəyib, aşdı. Gözümü açdım, qalanını da özünüz bilirsiniz”.  

Dilarə həyat yoldaşı Oqtayı qəzada itirdiyinə hələdə inanmadığını və anlamaq istəmədiyini bildirib:  

“Gözümü açanda Oqtayı artıq avtomobildən çıxartmışdırlar. Mehribanı da qanın içində avtomobildən çıxartdılar. Sonra mən özüm maşından çıxdım. Həmin an bilmədim nələr oldu. Mənə heç bir şey olmadı. Oqtayın yanına getmək istəyəndə insanlar ona yaxınlaşmağa qoymadılar. Orada bilmədim... Qoymadılar ki, ona toxunaram... Onun yanına getdikcə məni aparmaq istəyirdilər. Mən də “Yaxşı getmirəm” deyib, dayandım, gözlədim.

Həmin an isə bilmədim ki, Oqtay artıq yoxdur. Mənə demədilər ki, Oqtay ölüb. Dedilər ki, vəziyyəti yaxşı deyil, təcili tibbi yardım vasitəsi ilə onu xəstəxanaya aparacaqlar. Sonda zorla onu ora apardılar. İndi çözürəm, düşünürəm ki, (ağlayır) anlamaq istəmirdim. İnanmaq istəmirdim ki, bu hadisə baş verib. O anda isə istəyirdim ki, məni balaca uşaq kimi aldatsınlar. Nə bilim... Həmin vaxt anlanmaq istəyirdim ki, desinlər ki, belə bir şey yoxdur. İndi hazırda danışıram, gedirəm, yoxdur.... (ağlayır) Hərdən fikirləşirəm ki, nə baş verdiyini sona kimi anlamıram.

Sonra deyirəm ki, anlamamağım daha yaxşıdır. Verilişimdə qalaq-qalaq monoloqlar deyirəm. Orada deyirəm ki, ən gözəl dərman zamandır. Bəlkə də o zaman özü mənə yavaş-yavaş hər şeyi anladacaq”.  
Aktrisa müsahibəsində tibbi ekspertizanın qərarını da açıqlayıb:  

“Tibbi ekspertizanın qərarı çıxdı. Bilmədilər ki, Oqtay həmin an bayılıb, yoxsa təzyiqi qalxıb-düşüb. Nə baş verib bunu espert deyə bilmir. Yalnız onu dedilər ki, qəza zamanı aldığı travmalardan yerində keçinib. Düz yolda nə baş verdi Oqtaya, biz bilmirik. Oqtayın ciddi mənada səhhəti ilə bağlı şikayəti olmayıb. Deyəsən ki, ürəyində, başında problemı olub, xeyr, belə bir problemləri olmayıb. Sadəcə Oqtay biraz çəki almışdı. Vəssalam”. 

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanada müalicə alıb.   
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO