Jah Khalib: “Azərbaycanlı qızla ailə qurmaq istəyirdim, amma...” - MÜSAHİBƏ/FOTO

Jah Khalib: “Azərbaycanlı qızla ailə qurmaq istəyirdim, amma...” - MÜSAHİBƏ/FOTO

Hazırda oxunan: Jah Khalib: “Azərbaycanlı qızla ailə qurmaq istəyirdim, amma...” - MÜSAHİBƏ/FOTO

140983

Ötən gün Jah Khalib ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan Azərbaycan əsilli müğənni Bəxtiyar Məmmədov "Sea Breeze" ailəvi-istirahət mərkəzində möhtəşəm canlı konsert proqramı ilə çıxış edib.

Sənətçi musiqi ziyafətindən öncə Bizim.Media-nın suallarını cavablandırıb. 

Jah Khalibin özəl müsahibəsini təqdim edirik: 

- Azərbaycanı necə təsvir edə bilərsiniz? 

- Azərbaycan ilk növbədə Vətənimdir. Azərbaycanı kişi xarakterli atamla əlaqələndirirəm. O, əsl Azərbaycan kişisidir, həm də ultra-mühafizəkardır. Misal üçün, Azərbaycan mətbəxindən başqa digər ölkələrin yeməklərini yemir. Almatıda yaşayırıq, Azərbaycan üslubunda ev tikmişik, bağımız var, toxum gətirmişik. Kiçik bağçamızda alça, fındıq və sairə ağaclar əkmişik. Bağımız çoxlu bar gətirir. Atam özü fermerdir. Dağda kiçik Azərbaycanımız var. O, hər gün buğlama, bozbaş və digər yeməklər bişirir. Azərbaycan mənim əcdadlarımın torpağıdır. Bura gələndə çox böyük enerji alıram.

Bəlkə kimsə belə şeylərə inanmır, amma mən bütün bunları hiss edirəm. 4 il idi ki, koronavirusa görə, bura gələ bilmirdim. Sonra həyat yoldaşım hamilə qaldı. O müddətdə isə ailəmin qayğısına qalmalı idim. Bura gəlməyə vaxtım yox idi. Azərbaycana gələrkən özümü inamlı, motivasiyalı hiss edirəm. Azərbaycan məni çox ruhlandırır, enerji ilə yüklənirəm. Burada məsləhətləşdiyim çoxlu dostlarım var. Məndən daha zəngin həyat təcrübəsi olan ustadlar da var. Onlarla da məsləhətləşirəm, həyatımın əsas anlarını müzakirə edirəm. İndi mən də Azərbaycan mədəniyyətini öyrənməyə başladım.

Bilirsiniz ki, Qazaxıstanda böyümüşəm. Bu müddət ərzində Azəebaycan mədəniyyətini öyrənməyə vaxtım olmayıb. İndi yavaş-yavaş mədəniyyətimizi öyrənməyə başladım. Dünən toydan əvvəl şam yeməyində idik, orada adət-ənənələrdən danışdılar. Mən öz mədəniyyətimi daha dərindən və ətraflı bilmək istəyirəm və bu ildən Azərbaycan dilini öyrənməyə başlayıram.


- Ailə həyatınızla bağlı bir neçə kəlmə danışın.

- Mən azərbaycanlı ilə ailə qurmaq istəyirdim, amma elə alındı ki, həyat yoldaşım ukraynalı oldu. Heç kim bu məsələdə sığortalanmayıb. Ürəyi və sevgini sifariş edə bilməzsən. Hazırda valideynlərimizlə yaşayırıq. İlk uşaq dünyaya gələndə ən çox nənə və baba sevinir. Onlar həyat yoldaşıma kömək edirlər, körpənin qayğısına qalırlar. Türk xalqlarında belə bir adət var: ailədə ilk uşaq dünyaya gələndə baba, nənə gəlib kömək edir. Çünki onların bu məsələlərdə böyük təcrübələri var. Həyat yoldaşım ukraynalı olsa da o, bizim həyat tərzimizi və adət-ənənələrimizi çox bəyənir. Bozbaş, buğlama və digər Azərbaycan xörəklərini mükəmməl bişirir.

İndi də dolma bişirməyi öyrənir. Onun atam kimi müəllimi var. Atam müxtəlif yeməklər bişirməkdə heyrətamizdir. Həmçinin, həyat yoldaşım qohumlarla ünsiyyət tərzimizi də çox bəyənir. Həyat yoldaşım yavaş-yavaş bizim adətlərimizə öyrəşir. O, gündəlik həyatımıza mükəmməl şəkildə uyğun gəlir. Evlilik ilə bərəkət gəlir. Bunu hamımız çox yaxşı bilirik. İslamda evlilik imanın yarısı sayılır. Əgər evlənməmisənsə, imanın yarısını yaşamamısan. Sizə deyim ki, ailə əladır. Amma eyni zamanda çox ağır, böyük və ciddi işdir. Amma hər şeyi bəyənirəm. Bu müddət ərzində mən "radar"dan itdim və bu, çox nəzərə çarpırdı. Bu, Ukraynadan köçməyimizlə bağlı idi. Sonra həyat yoldaşımın bizim evdə özünü öz adamımız kimi hiss etməsini istədim. Və bu məsələni də həll edə bildik.

Bütün ailə bir yerdədir, ünsiyyət qurur. Hər şey yaxşıdır. Qardaşımın iki qızı yay tətilinə bizə gəlib. Evimizdə uşaq gülüşü və sevinc var. Valideynlərim də, həyat yoldaşım da xoşbəxtdir. Hazırda Almatıda hava gözəldir. İndi isə özümə vaxt ayırıram. İndi Azərbaycana yeni güclə gəlmişəm və qarşıma çoxlu məqsədlər qoymuşam. Ondan əvvəl heç bir hədəfim yox idi. Əslində, yalnız bir məqsədim var idi, xoşbəxt yuvam olsun. O da oldu. İndi qarşıma məqsəd qoymaq prosesindəyəm.

⁃ Atalıq öhdəliklərini necə yerinə yetirirsiz?

- Allaha həmd olsun ki, bu işdə mənə kömək edən anam və atam var. Hər şeyin yaxşı və rahat olmasını təmin etmək üçün qızıma dayə də tutmuşuq. Heç kim əsəbləşməsin deyə. Xanımım deyir ki, get 10 gün dincəl. Cavab verirəm ki, niyə tətilə tək getməliyəm? Mən balaca oğlan deyiləm. Elə bir istəyim yoxdur ki, özüm və əylənməyim üçün harasa dincəlməyə gedim. Xanımım və körpə qızımızla birgə istirahətə getməyimizi daha çox istəyirəm. Axı, xanımım bu yaxınlarda ana olub və ona istirahət daha çox lazımdır. Ana olmaq çox mürəkkəb və çətindir. Biz əylənirik və dünyanı gəzirik, səyahət edirik, səhnədə çıxış edirik, sevinirik. Amma analar... Hər gecə körpə səsindən oyanır. Bu, çox çətin prosesdir. Bu yaxınlarda ailəmlə Türkiyəyə istirahətə getmişdik. Birlikdə çox gözəl vaxt keçirdik. Anladım ki, ər və arvadın keçirməli olduğu vaxt çox qiymətli və önəmldir.


- Qızınıza Azərbaycan dilini öyrədirsiniz?

- Mən özüm bu dili yeni öyrənməyə başlamışam (gülür). Amma düşünürəm ki, qızım da Azərbaycan dilini bilməlidir.

- Söhbətimiz zamanı söylədiniz ki, siz yox, həyat yoldaşınız sizi tapıb. Necə oldu ki, Mariya xanımla evlənməyə qərar verdiniz?

- Evlənməyi planlaşdırmırdım. Hər şey gözlənilmədən və plansız oldu. Bir az Moskvada yaşamışam. Müstəqil olmaq, valideynlərimdən ayrılmaq istəyirdim. Sonra Kiyevə köçdüm. Kiyevdə Mariya mənim çox yaxşı və yaxın dostum oldu. Onunla davamlı ünsiyyətdə idim, məndən hər zaman narahat idi. Və bir vaxt "səni sevirəm" dedi. 6 il dost idik.  Yaxşı ki, ilk addımı atdı. Fikirləşdim ki, niyə onunla evlənməyim. Bu insanla özümü yaxşı hiss edirəm, məni çox gözəl başa düşür. Və evlənmək qərarına gəldim. Həyatımı bu adamla bölüşmək istədiyimi başa düşdüm. Bilmirəm, buna sevgi demək olarmı?

Çünki sevginin dəqiq tərifi yoxdur. Axı sevgi tamam başqa hissdir. Bəzən ər-arvad daima dava edir. Və onlar öz aralarında bu sevgini belə nümayiş etdirirlər. Bizim üçün hər şey anlaşılmaz idi. Onunla ər-arvad olacağımı düşünmürdüm. Bir anda ağlına belə bir fikir gəldi ki, bu sənin adamındır və onu öz həyat yoldaşım etməliyəm. Bu insan ömür boyu sənin olacaq. O, sənin ruhun üçündür və belə də oldu. İndi gözəl Sofiya adlı qızımız var. Şükürlər olsun ki, hər şey yaxşıdır.

- Bu evlilikdə bəxti gətirən siz, yoxsa həyat yoldaşınız Mariya xanımdır?

- Əlbəttə, onun bəxti gətirib (gülür). Zarafat edirəm. Əslində o daha şanssız, mən isə daha şanslıyam. Çünki mən sərt insanam, insan diqqətindən korlanmışam. Heç kimə sirr deyil ki, şan-şöhrət və pul bizi korlayır. Həyat yoldaşım isə məndən savadlı və daha sadəlövdür. Ona görə də onun üçün daha çətindir. Anam demişkən, azərbaycanlının həyat yoldaşı olmaq çox çətin bir missiyadır.

- Neçə uşağınızın olmasını istəyirsiniz? 

- İlk övladımız dünyaya gələndən sonra uşaqları planlaşdırmağın mənasız olduğunu başa düşdüm. Bu suallara Tanrı qərar verir. Təbii ki, həyat yoldaşım çox uşaq istəyir, bir uşaqla dayanmaq istəmir. Mənə elə gəlir ki, azərbaycanlılar çox uşaq sahibi olmağa çalışırlar. Bu, bir növ ailə xəzinəsidir. Buna görə çoxlu uşaq sahibi olmaq lazımdır. Üstəlik, uşaqlarla birlikdə ailəyə böyük bir bərəkət və rifah gəlir.


- Səhnədə olduğu kimi, tez-tez toylarda da çıxış edirsiniz. Sizcə, Azərbaycan toyları ilə Moskva toyları arasında nə kimi fərqlər var?

⁃ Ən gülməlisi budur ki, biz Moskvada Azərbaycan toylarında çıxış edirik (gülür). Təbii ki, azərbaycanlı toylarının əhatə dairəsi daha böyükdür. Biz toydakı publikaya o qədər də diqqət yetirmirik. Çalışırıq ki, oradakı qonaqlara bayram bəxş edək. Bizim işimiz ilk növbədə onları əyləndirməkdir. Və hər kəs bizi öz toylarında görməkdən məmnundur. Bu həm Rusiyada, həm Ukraynada, həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Özbəkistanda da belədir. Biz sülh insanlarıq və musiqimizlə bir növ yaxşılıq və işıq gətiririk. Hər yerdə bizim iştirakımızla toylar yaxşı keçir.

- Azərbaycan ulduzları arasında kiminlə duet oxumaq istəyirdiniz? 

- Aysel adlı istedadlı bir müğənni var, ifasını bəyənirəm. Onun mahnılarından birini bəyəndim. Düzdür, yaradıcılığı ilə maraqlanmamışam və qalan mahnılarını da dinləməmişəm. Dünən Xalq artisti Röya Ayxanla oturub söhbət etdik. Gözəl insandır. Dostlarım arasında Əməkdar artist Xəyyam Nisanov da var. Onu həm bir insan və musiqiçi kimi çox bəyənirəm.

- Röya ilə duet oxumağı düşünürsünüz?

- Əgər gözəl mahnı varsa, niyə birlikdə duet oxumayaq.  Dinləyicilərimizi sevindirmək üçün gözəl mahnı hazırlamalıyıq. Mən eqoist sənətçilərdən deyiləm. Biz özümüzə aid deyilik. Bu, bizim missiyamızdır. Musiqim onu dinləyənlər üçündür. Və bunun üçün musiqini yalnız yüksək keyfiyyətli etməlisən. Başa düşək ki, bu mahnı insanların xoşuna gələcək, müəyyən effekt verəcək, faydalı olacaq.

- Röyanın yaradıcılığı ilə tanışsınız? Onun mahnılarını dinləmisiniz? 

- Bəli, Röyanın özünü və mahnılarını çox bəyənirəm.

- Xalq artisti Emin Ağalarovla daha bir duet yazdırmağı düşünürsünüz?

- Hazırda bizim üçün daha bir mahnı yazılır, nəğmənin "demo" versiyası üzərində işlər gedir. Mahnını yazmağın çox çətin bir proses olduğunu başa düşün. Çoxları elə bilir ki, mahnı yazmaq proqramda düyməni basmaqdır və beləcə mahnı yaranır. Amma təbii ki, bu, belə deyil. Eminin ad gününə qatılanda, o, çox maraqlı tost söylədi. Və mən bu tostdan maraqlı bir fikir tutdum. Bu fikri dağıtmağa və mahnı yaratmağa çalışıram. Bu mahnının nə vaxt işıq üzü görəcəyini dəqiq bilmirəm. Amma hər halda, gec-tez bu nəğməni eşidəcəksiniz.


- Eminə ad günündə nə hədiyyə etdiniz?

- Ona özümü bağışladım, hədiyyə verdim (gülür). Eminin ad günündə görünmək daha vacibdir, nəinki, ona hər hansısa hədiyyə vermək. Bəzən hədiyyə verməyi özünə təhqir kimi qəbul edir. Davamlı deyir ki, sən yanımdasan, mənə bu bəsdir. Ona görə də biz bunu bir qayda olaraq qəbul etdik. Sadəcə olaraq qardaşınla oturub vaxtını ona ayırırsan. Bu, çox vacib bir məqamdır. Çünki Emin məşğul adamdır. Bizim dolğun bir iş cədvəlimiz var. Amma o, bizdən də məşğuldur. Hədiyyəyə gəldikdə isə yenə vurğulayım ki, bu o qədər də önəmli deyil, əsas qardaş sevgisidir. Bu, daha qiymətli və daha bahalıdır.

- Digər ulduzlar kimi Bakıda daşınmaz əmlak almağı düşünürsünüz?

- Əlbəttə, mən də Bakıda ev almaq istəyirəm, özü də dəniz kənarında.  Çünki Bakıda yaşayan çoxlu qohumlarım var. Övladlarım isə qohumlarımı tanımalı, onlarla ünsiyyət qurmalıdır. Missiyalarımdan biri də bibimlə daim və müntəzəm görüşməkdir. Bibim deyir ki, mənə səndən heç nə lazım deyil, sadəcə yanıma gəl. Üstəlik, Bakıda qohumlarım çox təvazökar yaşayırlar. Bakıda evin olması çox vacibdir. Yayda ailənizlə birlikdə Bakıya gəlib, qohumları, çoxlu dostları görüb onları öz evində qonaq etməkdən gözəl nə var ki?! 

- Namaz qılırsınız?

- Hər il mübarək Ramazan ayında oruc tuturam. Bəli, namaz qılıram, özü də gündə beş dəfə. Hamımız günahkarıq və əgər gündə beş dəfə namaz qılmasaydım, bilmirəm, yəqin ki, kosmosa uçardım. Gündə beş dəfə namaz qılmaq yerə enməyimə kömək edir.

- Hamımızın Qarabağa gedib Şuşanı görmək arzusu gerçəkləşib. Oraya gedib konsert vermək fikriniz varmı?

- Sözsüz ki, getmək istəyərəm. Mənə desələr ki, bütün azərbaycanlılar üçün müqəddəs olan Qarabağda və onun beşiyi Şuşada çıxış etməliyəm, o zaman bunu böyük şərəf və sevinclə edərəm. 

- Şuşa haqqında hansı biliklərə sahibsiz? 

- Şuşanı Kənan Bayramlı adlı oğlanın ifasında "Bayatı Şiraz" mahnısı ilə əlaqələndirirlər. Sözlərini bilmədən bu bəstəni eşidəndə bu mahnıda evindən məhrum olmuş bir oğlanın ağrısını eşitdim. Şuşada olmamışam. Şuşa haqqında heç bir təsəvvürüm yoxdur. Atam mənə həmişə deyirdi ki, oralar müqəddəsdir. Sağlamlığın məkanıdır. Atamın danışdıqlarından başa düşürəm ki, bu yerləri ziyarət etmək hər bir azərbaycanlı üçün çox önəmlidir. Təbii ki, mən də gedib Şuşada çıxış etmək istəyirəm.


- Müsahibələrin birində atanızın muğama sevgisi olduğunu demişdiniz. "Лиловая" adlı nəğmənizdə muğamın çalarları var. Bunu digər mahnılarınızda eşidəcəyik? 

- Bu mahnıdan başqa Xalq artisti Alim Qasımovu improvizə etdiyim daha bir mahnı var. Mahnı "Летний снег" adlanır. Ümumiyyətlə, bizim "lirik hip-hop" janrımızda bəlli olan harmoniyaya düzgün akkordları götürdükdə və onlara köhnə Azərbaycan xalq musiqisindən bəzi fraqmentlər əlavə etdikdə, heyrətamiz effekt verir.  “Лиловя” mahnısına gəldikdə isə, belə bir addım atdıq. “YouTube”da AzTV muğam yazıb, orda bir ansambl çaldığını gördük. Aranjimançı dostumuz sadəcə müəyyən bir hissəni kəsib akkorda qoydu və mövzu əlavə etdi və nəticədə sehrli mahnı ərsəyə gəldi. 

- Muğama qulaq asırsınız?

- Muğamı dinləyirəm və böyük həzz alıram.

- Azərbaycandan Qazaxıstana gedəndə özünüzlə əsasən nə aparırsınız?

- Sözsüz ki, “Azərçay”ı. Qazaxıstanda satılan “Azərçay” Bakıdakı kimi deyil, dadı fərqlidir. Bunu etdiyimə görə isə hamı mənə gülür. Bu dəfə özümlə evə ağ albalı aparacam. Bibim məni hələ yeddi il yeyə biləcəyim mürəbbələrlə təmin edib. Evin zirzəmisində çoxlu mürəbbəm var. Atam isə məndən ət döymək üçün bıçaq gətirməyimi istəyib. Onları alacağam. Bəlkə özümlə yaxşı mis samovar da aparacağam. Baxmayaraq ki, bunu Qazaxıstanda tapa bilərəm. Azərbaycanlıya xoşbəxt olmaq üçün başqa nə lazımdır ki? 










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO