Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru, tamaşaçılara “Kurtlar Vadisi” və “Eşkiya Dünyaya Hökümdar Olmaz” seriallarında canlandırdığı Şahin Ağa obrazı ilə tanınan Turqay Tanülkü Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, aktyor Heydər Əliyev Hava limanında media nümayəndələri ilə görüşdükdən sonra Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Birinci Fəxri Xiyabana yollanıb.
Sənətçi Ulu Öndərin məzarı önünə gül dəstəsi düzdükdəm sonra ruhuna dualar oxuyub. Daha sonra T.Tanülkü Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub. Aktyor tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edib, məzarları üzərinə gül dəstəsi qoyub.
Aktyor həmçinin mərhum Xalq artisti Rəşid Behbudovun məzarını ziyarət edib və əklil qoyub.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində paytaxtın qonağı olan Turqay Tanülkü Bizim.Media-ya eksklüziv müsahibəsində Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşüb:
"Hansı ölkədən asılı olmayaraq, bir millətin varlığına xidmət edən hər kəs mənim üçün müqəddəsdir. Heydər Əliyev dahi şəxsiyyət idi. Çünki bir ölkəni xilas etmək, onu sıfırdan qurmaq çox vacibdir. Heydər Əliyev qürurlu bir insan idi. Allah Ulu Öndərə rəhmət eləsin! Heydər Əliyevə gözəl bir şeir həsr etmişəm. Bu şeir isə mənim üçün çox önəmlidir. Düşünürəm ki, bu şeirimi hər kəs bəyənəcək. Çox istəyərəm ki, bu şeir məktəblərdə tədris edilsin. Ümüd edirəm ki, belə də olacaq".
Qeyd edək ki, Turqay Tanülkü hələ bir neçə gün Bakıda olacaq. Aktyor bir sıra tədbirlərdə və verilişlərdə iştirak edəcək.
Rəşad Əliyev, Bizim.Media