Ötən ilin fevralında dünyasını dəyişən Xalq artisti Əlibaba Məmmədovun məzar daşı hələ də hazırlanmayıb.
Bizim.Media xəbər verir ki, sənətkarın qızı Rəqsanə Məmmədli "Xəzər xəbər" verilişinə müsahibəsində bildirib ki, atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrılıb.
R. Məmmədlinin sözlərinə görə, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məzarın eskizini hazırlayaraq ailəyə təqdim etsə də onlar razılığa gələ bilməyib:
"Qohumlarla yığışıb eskizə baxdıq, Dedik ki, belə qəbir olar? Adi qəbir daşı idi. Hamı dedi ki, 16 minlik qəbir deyil. Əlibaba Məmmədovun adına yaraşan deyil. Bizə dedilər ki, əgər daha yaxşı olmasını istəyirsinizsə, əlavə pul ödəyin".
R.Məmmədli həmçinin vurğulayıb ki, o, martın 29-da Əlibaba Məmmədovun xatirə gecəsində iştirak etməkdən imtina edib:
"Atamın qəbri düzəlməyib, orada necə iştirak edim? Utanıram axı. Görənlər deyəcək ki, kişinin qəbri düzəlməyib, burada çal-çağırdır. İli çıxdı, camaat ziyarət üçün hara getsin?".
Məsələ ilə bağlı Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən qeyd edilib ki, bunun üçün 16 min manat pul ayrılıb. Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb. Həmin vəsait digər məzar daşlarına da şamil edilir. Rəqsanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.
Rəşad Əliyev, Bizim.Media