Şou-biznesin məşhur simaları söz-söhbətlərdən, dava-dalaşlardan, qalmaqallardan uzaq olmaq üçün istirahətə yollanıblar.
Bizim.Media sözügedən ulduzların tətillərini harada, kimlə və necə keçirdiyi ilə bağlı informasiya toplayıb.
Belə ki, bir müddət əvvəl qalxanabənzər vəzinin həcminin böyüməsi səbəbi ilə əməliyyat olunub, müalicə almaq üçün “Səhər mərkəzi” verilişinin aparıcılığından uzaqlaşan Afaq Gəncəli sağaldıqdan sonra həmkarı Nərgiz Əliyeva ilə birgə Avropa turuna yollanıb.
İsveçrəni və daha sonra isə İtaliyanı qarış-qarış gəzən Afaq Milanda çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. Afaq şəkillərinə "Şir həmişə şirdi: istər Milanda, istər Bakıda" şərhini yazıb.
Müğənni Xatirə İslam da Birləşmiş Ərəb Əmirliklərində istirahətin dadını çıxarır. Oğlu Emil ilə Dubayda tətildə olan sənətçi həm tək, həm də övladı ilə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. Şəkillərdə Xatirənin qaralması və arıqlayaraq "iynənın ucuna sap" olması da diqqətdən qaçmayıb.
Şou-biznesin subay qızı və evlilik mövzuları ilə tez-tez gündəmə gələn müğənni Aysel Əlizadə növbəti dəfə səfərə çıxıb. Sənətçinin məqsədi isə səssizliyə dalıb sakitçə dincəlməkdir. O, bunun üçün isə Taylanda üz tutub. Aysel dağ və dənizə açılan möhtəşəm mənzərə önündə çəkdirdiyi cazibədar fotolarını sosial şəbəkədə paylaşıb. A.Əlizadənin də həmkarı Xatirə İslam kimi günəş vannası qəbul edərək qaralması gözlərdən yayınmayıb.
"Həftə səkkiz, mən doqquz" gah Bakı, gah da Moskva toylarında "at oynadan" müğənni Xəyyam Nisanov istirahət üçün gözəl və əsrarəngiz təbiəti olan Afrikaya yollanıb. Mavrikidə dincələn Xəyyam "Casela Nature Parks"da olan bir-birindən rəngli şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media