Əməkdar incəsənət xadimi Məlahət Abbasova bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktrisa sənətkarla birlikdə ötən il çəkilən fotolarını sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.
M.Abbasova bildirib ki, illər əvvəl aktrisanın təyinatı Akademik Milli Dram Teatrına verildiyinə görə mərhum ondan küsüb:
“Bu şəkilləri yayda qızımla Bakıya gələndə çəkdirmişdik. Ən son 22 mart tarixində Novruz bayramında danışdıq. Yayda Bakıda görüşdük. Tamaşalarına baxdım. Saatlarla danışardı... Tələbəsi kimi ona qulaq asardım. Qızım Sudeylə elə gözəl söhbətlər edirdi ki... Mən İncəsənət Universitetində böyük ustad rejissorlar Mehdi Məmmədov və Azər Paşa Nemətovun sinifində oxumuşam. Yadımdadır, ilk dərsimə o, Mehdi müəllimlə bərabər gəlmişdi. Çox mehriban, gülərüz müəllim idi. Leninqrad, Moskva və Türkiyədəki təcrübələrindən danışardı. O vaxt “zaçin” (xalq poeziyası) adlı yeni metod ilə bizimlə çalışırdı. Çox maraqlı dərs anlayışı və təcrübəsi vardı. Yeni bir dərs stili gətirmişdi. Mehdi Məmmədov və Azər Paşa Nemətovun sinifində oxumaq böyük bir qürur hissi idi. Dördüncü kursda Gənc Tamaşaçılar Teatrında “Sabah çoxdan başladı” adlı tamaşaya məni baş rola dəvət etdi. Çox gözəl tamaşa olmuşdu. O zaman Gənc Tamaşaçılar Teatrında bədii rəhbər və baş rejissor idi. İstəyirdi ki, təyinatla o teatra gəlim.
Amma elə oldu ki, “Sən həmişə mənimləsən” tamaşasından sonra təyanatımı Akademik Milli Dram Teatrına verdilər. Məndən küsdü. Sonra elə oldu ki, özü də bir neçə aydan sonra sözügedən teatrda tamaşa qoydu. “Tufandan əvvəl” tamaşasında mənə baş rol verdi və mənimlə barışdı. Həyat elə gətirdi ki, mən Türkiyəyə gəldim. Teatrda işlədim. Festival komitəsinin üzvü oldum. Azər Paşa müəllimin səhnəyə qoyduğu tamaşaları bizim teatr başda olmaqla festivallara dəvət edirdik. İstər Türkiyədə, istərsə Bakıda hər zaman görüşürdük.
Ondan çox şey öyrənmişəm. O da müəllimim kimi hər zaman mənimlə qürur duyduğunu söyləyirdi. Ən son layihələrimiz vardı. Onları həyata keçirəcəkdik. Mən “Ölülər” adlı tamaşaya dəfələrlə baxmışdım. Və o tamaşanın İstanbulda bizim teatrda səhnəyə qoymasını istəyirdim.
Bütün arzularımız ürəyimizdə qaldı. Azər Paşa müəllim əsl teatr insanı idi. Teatrla nəfəs alırdı. Teatr sütünlarından biri idi. O teatrsız yaşaya bilmirdi. Teatr onun evi, ailəsi, yuvası, övladı, xoşbəxtçiliyi, hüzuru, döyünən ürəyi idi. Kimsənin qabağında əyilməyən, məğrur bir duruşu və xasiyyəti vardı. Bilgisi, savadı, dünyagörüşü, təcrübəsi hamımıza bir dərs kitabı idi. Söhbətimiz yarımçıq qaldı, Azər Paşa müəllim. Məkanınız cənnət olsun”.
Qeyd edək ki, Xalq artisti, Azərbaycan Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:55 / 12.04.2023
Məlahət Abbasova: “Təyinatımı "AzDrama"ya verdilər, Azər Paşa Nemətov məndən küsdü” - VİDEO
Hazırda oxunan: Məlahət Abbasova: “Təyinatımı "AzDrama"ya verdilər, Azər Paşa Nemətov məndən küsdü” - VİDEO
Hazırda oxunan: Məlahət Abbasova: “Təyinatımı "AzDrama"ya verdilər, Azər Paşa Nemətov məndən küsdü” - VİDEO
130392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.